Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tural Gəncəliyev: Qarabağda görülən işlərin miqyası dünya təcrübəsində diqqət çəkir
Tural Gəncəliyev: Qarabağda görülən işlərin miqyası dünya təcrübəsində diqqət çəkir

İşğaldan azad edilmiş ərazilərdə dövlət siyasəti vətəndaşların dayanıqlı məskunlaşması, məşğulluğu və sosial-iqtisadi inteqrasiyasının təmin olunmasına yönəlib. Dədə-baba yurdlarına qayıdan sakinlər yaşayış sahələri ilə təmin olunur, onların təhlükəsiz və rahat yaşayışı üçün zəruri infrastruktur yaradılır. Eyni zamanda sosial xidmətlər, məşğulluq proqramları və keçid dövründə sosial müdafiə tədbirləri də davam etdirilir.

  • Bəs görülən bu işlər vətəndaşların yeni yaşayış mühitinə sürətli uyğunlaşması üçün kifayət qədər effektiv hesab edilə bilərmi?

Milli Məclisin deputatı Tural Gəncəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dövlət siyasəti vətəndaşların ləyaqətli geri dönüşünün təmin edilməsinə, dayanıqlı məskunlaşmasına, insanların öz ata-baba torpaqlarına qayıtması üçün bütün şəraitin yaradılmasına və onların hüquqlarının tam təmin olunmasına yönəlib.

Deputatın sözlərinə görə, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi, sosial-iqtisadi dəstək, məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində çox böyük işlər görülür.

“Bu tədbirlər Azərbaycan vətəndaşlarının öz torpaqlarında daimi yaşamalarını və bütün təminatlarının nəzərə alınmasını hədəfləyən dövlət siyasətinin əsasını təşkil edir. Hazırda bu istiqamətdə çox intensiv işlər aparılır.

Müharibənin başa çatmasından nisbətən qısa müddət keçib. Qarabağ üzərində tam suverenliyimizin bərpasından isə cəmi bir neçə il ötür. Bu qısa müddətdə torpaqlarımızın yenidən qurulması, bərpası, yolların, körpülərin, tunellərin və digər infrastruktur xətlərinin çəkilməsi istiqamətində görülən işlər həqiqətən də diqqətəlayiqdir.

Bilirsiniz ki, bütün bu infrastrukturu qurmaq böyük maliyyə, resurs, bilik, təcrübə və mühəndislik bacarığı tələb edir. Dövlət qısa müddət ərzində bu işləri həyata keçirir və eyni zamanda vətəndaşların məskunlaşması məsələsini də diqqətdə saxlayır.

Biz artıq Böyük Qayıdış proqramının mühüm mərhələlərindən birini geridə qoyuruq. Dövlət proqramı icra olunur, növbəti mərhələlərin həyata keçirilməsinə başlanılacaq. Dünya təcrübəsinə nəzər saldıqda da görülən işlərin miqyası və sürəti böyük nəticələrin əldə olunduğunu göstərir”, – deyə deputat bildirib.

Tural Gəncəliyev vurğulayıb ki, müqayisələr hər zaman tam doğru nəticə verməsə də, tarixi təcrübə müəyyən nəticələr çıxarmağa imkan yaradır.

“İkinci Dünya müharibəsindən sonra Avropa şəhərləri dağıdılmış vəziyyətdə idi və onların bərpası onilliklər tələb etdi. Avropa ölkələri uzun illər böyük resurslar sərf edərək şəhərlərini yenidən qurmağa çalışırdılar.

Yaxın coğrafiyamıza nəzər saldıqda da müxtəlif müharibə və münaqişələrin nəticələrinin hələ də aradan qaldırılmadığını görürük. Rusiya-Ukrayna müharibəsi fonunda şəhərlərin dağıdılması prosesi davam edir. Yaxın Şərqdə belə ən müasir texnologiyalarla qurulan şəhərlər raket hücumlarına məruz qalır.

Bütün bunlarla müqayisədə Azərbaycanın keçdiyi yol, həyata keçirdiyi bərpa siyasəti və əldə etdiyi nəticələr həqiqətən də uğurlu və nümunəvi hesab oluna bilər”, – deyə deputat qeyd edib.

Deputatın fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur artıq təkcə Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olan inkişaf məkanına çevrilib.

“Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, xüsusilə Şəhərsalma Forumu və digər yüksək səviyyəli konfranslar təsadüfi deyil. Bu tədbirlər şəhərlərin yenidən qurulması, insanların məskunlaşdırılması və mənzillə təmin olunması sahəsində Azərbaycanın qazandığı təcrübəyə marağın göstəricisidir.

Vətəndaşların öz torpaqlarına qayıtması ilə bütün məsələlər mərhələli şəkildə həllini tapacaq. Məskunlaşma özü ilə inkişafı, yeni iş yerlərini və yeni quruculuq proseslərini gətirir. Bu səbəbdən də Böyük Qayıdış prosesi öz təbii axarı ilə davam edəcək və daha geniş nəticələr verəcək”, – deyə Tural Gəncəliyev əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »