Uşağın məktəbə başlama yaşı bir çox valideyn üçün vacibdir. Bəzi valideynlər övladını 6 yaşında məktəbə yazdırmağa tələsir, başqaları isə 7 yaşa qədər gözləməyi üstün tutur. Valideyn bəzən övladının məktəbə gecikməsindən qorxur. Bu qərar isə təkcə yaşla deyil, uşağın fiziki, zehni və emosional hazır olması ilə bağlıdır.
- Uşaq məktəbə hansı hallarda 6, ya 7 yaşında getməlidir? Bunun uşağa hansı təsirləri var? Valideyn necə qərar verməlidir? Övladının hansı bilik və bacarığının olmasını bilməlidir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Uşaq və Yeniyetmələrin İnkişafı üzrə mütəxəssis, Valideyn məktəbinin təsisçisi Aysel Rəsulzadə bildirib ki, valideyn öz uşağının xarakterini yaxşı tanımalıdır: “Uşaqların məktəbə hazırlıq yaşı, onun yaşından çox, emosional, fiziki və sosial hazırlığından asılı olaraq müəyyən edilməlidir. Bugünkü düşüncəyə əsasən valideyn belə hesab edir: “Əgər övladım oxuya bilirsə, saya bilirsə, yaza bilirsə, deməli məktəbə hazırdır və artıq məktəbə gedə bilər.” Amma bunlar məktəbə hazırlığın vacib göstəriciləri hesab olunmur. İlk növbədə valideyn öz uşağının xarakterini yaxşı tanımalıdır və bilməlidir ki, uşağında hansı həyati bacarıqlar formalaşıb. Çünki uşaq məktəbə gedəcək və bu bacarıqları daha da inkişaf etdirəcək. Məsələn, emosional hazırlıq prosesi mövcuddur. Burada valideyn bilməlidir ki, uşağı nə dərəcədə empatiya ilə münasibət qurur - müəllimlə, sinif yoldaşları ilə və ya digər məktəb mühiti ilə necə ünsiyyət qurur.
Başqa önəmli sahə sosial hazırlıqdır. Uşağın növbə gözləməsi, qaydalara əməl etməsi, özünə diqqət göstərməsi və özünüidarə bacarığının formalaşması çox vacibdir. Bu, həmçinin uşağın müəllimi sinifdə nə dərəcədə dinləyəcəyini də müəyyən edir.
Bundan başqa, uşağın nitq bacarığı da əhəmiyyətlidir. Valideyn bilməlidir ki, uşağı fikrini aydın formada ifadə edə bilir, müəllimin sualını başa düşür və analiz edə bilir. Bunlar çox vacibdir. Əgər valideyn bu sahələrdə uşağında müsbət tərəfə inkişaf görürsə, o zaman demək olar ki, uşaq məktəbə hazırdır.
Digər tərəfdən, həmişə deyirəm ki, məktəbə hazırlıq hələ bilmək deyil, ümumilikdə öyrənməyə hazır olmaqdır. Əslində məktəb hərfi öyrətmək üçündür. Hərfləri əvvəlcədən öyrənməsə də olar. Əsas odur ki, uşağın səbri, diqqəti, özünüidarəetməsi və qeyd etdiyim digər sosial bacarıqları formalaşmış olsun. Vacib olan da məhz budur”.
Aysel Rəsulzadə həmçinin deyib: “Əgər uşaq yaşıdları ilə ünsiyyət qurmaq bacarığına malikdirsə, valideynindən ayrılarkən ciddi travmatik narahatlıq yaşamırsa, qələmi normal tuta bilirsə, rəngləyə bilirsə, yəni xırda motorika bacarıqlarını yerinə yetirə bilirsə, valideyn artıq uşağını rahat şəkildə məktəbə göndərə bilər. Əks halda, məsələn, uşaq tez yorulursa, adi oyun oynayarkən belə diqqəti tez yayınırsa, oyunu yarımçıq qoyub başqa bir fəaliyyətə keçirsə və ya valideyn evdə xüsusi bir dərs mühiti yaratdıqda uşağın oyundan ayrılıb dərs rejiminə keçməkdə nə dərəcədə çətinlik çəkdiyini müşahidə edə bilər. Bunlara diqqət yetirmək vacibdir. Əgər valideyn bütün bunlara nəzarət etməsinə baxmayaraq müsbət nəticə əldə etmirsə, demək ki, uşaq hələ məktəbə hazır deyil. Bu halda bir il də gözləmək olar.
Bəzi valideynlər isə bütün bu riskləri nəzərə alaraq düşünür ki, əsas odur ki, uşağım həyatda gec qalmasın. Necə olarsa, bir formada məktəbi bitirəcək, oxuyacaqdır. Amma bu yanaşma yaxşı nəticələr vermir. Çünki məktəbə hazır olmayan uşaq sonradan dərsdən soyuyur, dərslərinə diqqətlə yanaşmır. Ümumiyyətlə, bütün nəticələrdə uğursuz olur. Bunun nəticəsində uşağın özünəinamı azalır, məktəbə qarşı mənfi münasibət formalaşır və davranış problemləri ortaya çıxır. Sonra deyirlər: “Bu uşaqlar dərsi sevmir, dərsə marağı yoxdur” və s. Halbuki bunlar əslində problem deyil. Ona görə də uşağı zamanında məktəbə qoymaq çox önəmlidir. Məktəbə hazır başlamaq, hardasa, uğurlu həyatın sağlam təməli hesab olunur. Valideynin məqsədi uşağı məktəbə tez göndərmək yox, onu məktəb həyatına hazır şəkildə yola salmaq olmalıdır”.
Aysel Rəsulzadə əlavə edib: “Ən vacib məsələlərdən biri də budur ki, valideyn digər kütlə psixologiyasına uyub, “uşağın kimlərdənsə geri qalacağı” fikrinə qapılmamalıdır. Uşağı tamamilə hazır hiss etdikdən sonra istər oğlan, istər qız uşağını məktəbə qoymaq lazımdır. Oğlan uşaqlarında əsgər məsələsi kimi faktorlar səbəbindən bəzi valideynlər məktəbə hazırlıq prosesini nəzərə almadan onları məktəbə göndərirlər. Amma sonradan bunun ciddi nəticələri, fəsadları olur və uşaq həyatda özünü tapa bilmir. Bu baxımdan ailə artıq bunun mənfi nəticələrini yaşamış olur”.
Günel Həsənova, Bizimyol. info






