İranın sabiq şahının oğlu Rza Pəhləvi Ukraynada çıxışı zamanı beynəlxalq ictimaiyyətə müraciət edərək İran və Rusiyada hakimiyyətdə olan rejimlərə qarşı mübarizənin gücləndirilməsinə çağırıb.
Bizimyol.info xəbər verir ki, "The Kyiv Independent" nəşrinin məlumatına görə, iranlı müxalifət lideri bu ölkələrin siyasi təsir imkanlarının tamamilə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, həm İran İslam Respublikası, həm də Moskvadakı hazırkı hakimiyyətlə bağlı məsələyə son qoyulmalıdır.
Pəhləvi Rusiya ilə Tehran arasında mövcud olan əməkdaşlığı dövrümüzün ən təhlükəli düşmən ittifaqı adlandıraraq bildirib ki, bu birlik qlobal sabitlik üçün birbaşa təhdid yaradır.
O, kollektiv Qərbi bu “xaos oxu” ilə hər hansı danışıqlar aparmaq ideyasından imtina etməyə çağırıb.
Pəhləvi güzəştlər əvəzinə, Qərbin keçmişdə onun ən parlaq dövrlərini xarakterizə edən birlik və qətiyyət nümayiş etdirərək bu ittifaqa qarşı durmasının vacib olduğunu qeyd edib.
Agentliyin məlumatına görə, iranlı keçmiş şahzadənin Kiyevdəki çıxışı müxalifətin İranda hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə beynəlxalq tərəfdaşlarla fəaliyyətini əlaqələndirmək niyyətini nümayiş etdirib.
Bizimyol.info






