Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın “iki yol” siyasəti: Ermənistanın gələcəyi təhlükədəmi?
Paşinyanın “iki yol” siyasəti: Ermənistanın gələcəyi təhlükədəmi?

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi təklifinə qəti şəkildə qarşı çıxıb. O, Ermənistanın Rusiya ilə münasibətləri inkişaf etdirdiyini və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı davam etdirəcəyini bildirib. Paşinyanın sözlərinə görə, Aİ üzvlüyü üçün hələ real siyasi və institusional əsaslar formalaşmayıb. Bu bəyanatlar Ermənistanın xarici siyasət prioritetləri ətrafında yeni müzakirələr yaradıb.

  • Ermənistanın həm Rusiya, həm də Qərblə eyni anda əməkdaşlıq etməsi nə qədər davamlı siyasət ola bilər?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan üçün bu gün həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı ilə əməkdaşlıq sərfəlidir: “Düzdür, Avropa İttifaqı ilə münasibətlər Paşinyanın özünün də dediyi kimi hələlik de-fakto səviyyədədir və rəsmi üzvlük yoxdur. Ona görə də Paşinyan əlində olan real imkanları itirmək istəmir və həm iqtisadi, həm də siyasi balansı qorumağa çalışır. Avrasiya İqtisadi İttifaqı Ermənistan üçün müəyyən imtiyazlar və güzəştlər yaradır, ticarət və iqtisadi sahədə Rusiyadan və digər üzv ölkələrdən daha əlverişli şərtlərlə məhsul və xidmətlərin əldə olunmasına imkan verir”.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük isə kifayət qədər uzun, mürəkkəb və çoxmərhələli prosedurdur və Paşinyan anlayır ki, bu proses qısa müddətdə nəticə verə bilməz. Buna görə də Ermənistan həm Avrasiya İqtisadi İttifaqının imkanlarından faydalanmağa, həm də Avrointeqrasiya istiqamətində addımlar atmağa çalışır.

Əli Mustafa qeyd edir ki, bu yanaşma əslində eyni vaxtda iki istiqamətdə əməkdaşlıq strategiyasıdır və müəyyən şərtlər daxilində mümkündür.

Politoloqun fikrincə, burada əsas məsələ geopolitik maraqların toqquşmasıdır və Rusiya Ermənistanın Avroatlantik məkana yaxınlaşmasını öz nüfuz dairəsindən uzaqlaşma kimi görür.

Onun sözlərinə görə, Moskva daha çox Ermənistanın öz təsir dairəsində qalmasını istəyir və bu, regiondakı güc balansı ilə bağlıdır.

Əli Mustafa əlavə edir ki, bu proses təkcə Ermənistan-Rusiya münasibətləri deyil, ümumilikdə qlobal geopolitik mübarizənin bir hissəsidir.

O bildirir ki, iqtisadi baxımdan Ermənistan həm Rusiya, həm də Avropa ilə paralel əməkdaşlıq edə bilər və bu, nəzəri olaraq mümkündür. Lakin tərəflər arasında siyasi təzyiqlər artarsa, Ermənistan seçim qarşısında qala bilər.

Onun fikrincə, seçkilərə qədər bu ritorika daha da sərtləşə bilər, lakin seçkilərdən sonra müəyyən yumşalmalar və korrektələr də mümkündür.

“Paşinyanın hazırkı yanaşması ondan ibarətdir ki, Ermənistan de-yure Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalır, de-fakto isə Avropa İttifaqına doğru istiqamətlənir və bu balans siyasəti hələlik davam etdirilir” - deyə Əli Mustafa bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »