Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ABŞ və Ermənistan arasında imzalanması gözlənilən TRIPP layihəsi ölkənin regional tranzit mərkəzi kimi rolunu gücləndirəcək. Onun sözlərinə görə, layihə ətrafında aparılan müzakirələr uzun müddətdir gündəmdə olan “dəhliz” iddialarını faktiki olaraq arxa plana keçirib. Paşinyan yeni dəmir yolu və avtomobil magistrallarının tikintisinin Ermənistanı Şərq-Qərb və Şimal-Cənub marşrutlarında mühüm nəqliyyat qovşağına çevirəcəyini vurğulayıb. Bu açıqlamalar seçkiqabağı dövrdə Ermənistanın geosiyasi və iqtisadi perspektivləri ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.
- TRIPP layihəsi Ermənistanın regional əhəmiyyətini artıracaq strateji addımdır, yoxsa seçkiqabağı verilən siyasi vədlərdən biri kimi qiymətləndirilməlidir?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyan seçki kampaniyası çərçivəsində Ermənistanın gələcəyi üçün perspektiv vəd edən layihələrdən danışıb. Onlardan biri də TRIPP layihəsi və Zəngəzur dəhlizi ilə bağlı planlardır. Bu layihə Ermənistan üçün yalnız seçki təbliğatı mövzusu deyil, eyni zamanda ölkənin gələcək iqtisadi və siyasi inkişafı baxımından mühüm əhəmiyyət daşıyan strateji bir təşəbbüs kimi qiymətləndirilir.
“Zəngəzur dəhlizinin açılması və TRIPP layihəsinin reallaşması Ermənistanın uzunmüddətli blokadadan çıxması demək ola bilər. Bu halda Azərbaycanla münasibətlərin normallaşması, eyni zamanda Ermənistanın Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxış imkanlarının genişlənməsi mümkündür. Bundan əlavə, Azərbaycan üzərindən Orta Asiya, Rusiya, İran və Körfəz ölkələrinə çıxış da təmin oluna bilər”-deyən politoloq bildirib ki, layihənin həyata keçməsi Ermənistan üçün tranzit ölkə kimi yeni iqtisadi imkanlar yarada və ciddi maliyyə gəlirləri formalaşdıra bilər. Eyni zamanda, region ölkələri ilə nəqliyyat əlaqələrinin bərpası ölkənin iqtisadi inteqrasiyasını gücləndirə bilər. Məsələn, Qazax–İcevan dəmir yolunun bərpası, Gümrü–Qars xəttinin açılması və Arazdəyən–Sədərək istiqamətində dəmir yolu bağlantılarının qurulması bu prosesə əlavə töhfə verə bilər.
Bu baxımdan TRIPP və Zəngəzur dəhlizi kimi layihələrin reallaşması Ermənistanın regionda “dalan vəziyyətindən” çıxmasına, iqtisadi imkanlarının genişlənməsinə və tranzit gəlirlərinin artmasına şərait yarada bilər.
Politoloqun fikrincə, ən önəmlisi isə, bu layihələr Ermənistanın qonşu ölkələrlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına xidmət edə bilər: “Bu layihələrin həyata keçirilməsi Ermənistan üçün həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır və ölkənin gələcək inkişafında mühüm rol oynaya bilər”.
İradə Cəlil, Bizimyol.info






