ABŞ Prezidenti Donald Tramp İranla hazırlanan razılaşmanın Tehranın nüvə proqramını əhatə etmədiyi barədə CNN və digər media qurumlarının yaydığı məlumatları təkzib edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında paylaşdığı açıqlamada bildirib:
"Yalançı CNN və digər media qurumları bu gün yenə də mənim İranın nüvə proqramı ilə bağlı razılaşmamda nüvə məsələsindən bəhs edilmədiyi barədə saxta xəbər yayıblar. Halbuki sənəddə çox aydın şəkildə qeyd olunur ki, İran nüvə silahına sahib olmayacaq", - deyə o qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, razılaşmada nüvə məsələsinin digər aspektləri də ətraflı və qəti şəkildə əks olunub. "Əslində, razılaşmanın böyük hissəsi məhz bu məsələyə həsr edilib", – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, İran rəsmiləri bundan əvvəl dəfələrlə bəyan ediblər ki, ABŞ ilə ikitərəfli memorandum üzrə aparılan hazırkı danışıqlarda İran nümayəndə heyəti Tehranın nüvə proqramı ilə bağlı hər hansı müzakirə aparmır.
Qadir, Bizimyol.info






