Rusiya-Ukrayna müharibəsi Vladimir Putin üçün elə bir mərhələyə çatıb ki, hər yeni addım Kreml üçün vəziyyəti daha da ağırlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu fikri "The Washington Post" qəzetinin şərhçisi Corc Uill bildirib.
Uill qeyd edib ki, 15 ay əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynanı faktiki məğlubiyyətlə razılaşmağa çağıraraq Vladimir Zelenskiyə “Sizin əlinizdə heç bir kart yoxdur” demişdi. Həmin dövrdə bir çoxları Ukraynanın Rusiyaya müqavimət göstərə bilməyəcəyini düşünürdü. Lakin sonrakı hadisələr bunun əksini göstərdi.
Məqalədə qeyd olunur ki, Kremlin çətin vəziyyətinin göstəricilərindən biri Moskvada Qələbə Günü tədbirlərində görülən təhlükəsizlik tədbirləridir. Ukrayna dronlarının yaratdığı təhlükə səbəbindən 9 May paradı bu il xeyli qısaldıldı, hərbi texnika və canlı qüvvənin sayı azaldıldı.
Məlumata görə, 2026-cı ilin əvvəlindən Rusiya Ukrayna ərazisinin cəmi 0,04%-nə nəzarət qazana bilib, apreldə isə hətta bəzi əraziləri itirib. Eyni zamanda "The Economist" hesablamalarına əsasən, Rusiya ordusunun itkiləri çağırış yaşında olan kişilərin təxminən 3%-nə çatıb.
Müəllif Rusiya ordusunun şəxsi heyətinin vəziyyətinə də diqqət çəkir. "The Wall Street Journal" ilə müsahibəyə istinadən bildirilir ki, həbsdən çıxarıldıqdan sonra cəbhəyə göndərilən keçmiş narkotik asılısı belə hesab edir ki, müharibə cəmiyyətin ən zəif təbəqələrindən “təmizlənmə” kimi istifadə olunur.
Corc Uillin fikrincə, Ukraynadakı müharibə getdikcə Birinci Dünya Müharibəsi tipli mövqelər savaşına bənzəyir. Eyni zamanda Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr daha da güclənir. Şərhçi qeyd edir ki, dron hücumları təhlükəsi Putini ictimai çıxışlarını azaltmağa və daha çox yeraltı sığınacaqlarda qalmağa məcbur edir. 2026-cı ilin martında Ukraynanın sərhəddənkənar dron hücumlarının sayı ilk dəfə Rusiya hücumlarını keçib.
Məqalənin yekununda bildirilir ki, Rusiyanın başlatdığı müharibə NATO-nun genişlənməsinə, Avropa birliyinin güclənməsinə və Moskva üzərində iqtisadi-siyasi təzyiqlərin artmasına səbəb olub. Tədqiqatçı Aleksandra Prokopenkonun sözlərinə görə, hazırkı vəziyyət “birliyin qorunub saxlanması, lakin gələcəyin tədricən məhv olması” ilə xarakterizə olunur.
Keçmiş yüksək rütbəli Rusiya rəsmilərindən birinin fikrincə isə Putin elə bir vəziyyətə düşüb ki, şahmatdakı “çugtsvanq” (məcburi gediş vəziyyəti) kimi, atdığı hər addım vəziyyəti daha da pisləşdirir.
Ukrayna mətbuatının yazdığına görə, Putin bir gün əvvəl müharibənin sona yaxınlaşdığını iddia etsə də, konkret tarix açıqlamayıb və münaqişənin bitməsi ilə bağlı danışıqların aparılmadığını etiraf edib.
Bununla belə, ekspertlərin qiymətləndirmələrinə görə, Rusiya ordusunun 2026-cı ildə irəliləyişi xeyli zəifləyib və bu, Moskvanın Donetsk vilayətini yaxın zamanda tam ələ keçirməsini şübhə altına alır. Eyni zamanda Ukrayna qüvvələri əks-hücumları davam etdirir, əraziləri azad edir və Rusiya logistikasına zərbələr endirir.
Bizimyol.info






