Ukrayna və Kanada müdafiə-sənaye sahəsində əməkdaşlığı daha da genişləndirərək Kanadada Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) istehsalına start verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində Kanadada Ukrayna istehsalı olan kəşfiyyat təyinatlı pilotsuz sistemlərin istehsalı təşkil olunacaq. İstehsal edilən dronlar daha sonra Ukraynanın Müdafiə Qüvvələrinə təhvil veriləcək.
Müvafiq saziş Ukrayna və Kanada müdafiə nazirliklərinin nümayəndələri tərəfindən imzalanıb. Razılaşma çərçivəsində Ukraynanın müdafiə texnologiyaları şirkəti "Airlogix" ilə Kanadanın pilotsuz sistemlər istehsalçısı "Sentinel Research and Development" arasında "Airlogix-Sentinel" adlı birgə müəssisə yaradılır.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, hər iki ölkənin hökumətlərinin dəstəyi ilə həyata keçiriləcək layihə Ukrayna hərbçilərinin kəşfiyyat fəaliyyəti və əməliyyatların planlaşdırılması üçün zəruri avadanlıqlarla daha operativ təmin olunmasına imkan verəcək.
Nazirlikdən bildirilib ki, bu əməkdaşlıq Kanada üçün də yeni imkanlar yaradır: “Ukrayna ilə birgə istehsal Kanadaya kritik texnologiyalar sahəsində istehsal potensialını genişləndirmək və müasir müharibə şəraitində sınaqdan keçmiş effektiv həllərə çıxış əldə etmək imkanı verir”, - deyə məlumatda qeyd edilib.
Bildirilir ki, Ukrayna və Kanada qarşılıqlı fayda prinsipi əsasında təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcək və hər iki ölkənin maraqlarına cavab verən yeni layihələr üzərində işləyəcəklər.
Bu arada, Qərb silahlarının adətən bahalı olması ilə bağlı geniş yayılmış fikrin əksinə olaraq, Almaniyanın Rusiya istehsalı olan “Lanset” kamikadze pilotsuz aparatına alternativ kimi hazırladığı "HX-2" döyüş sursatı nisbətən əlçatan həll hesab olunur.
Məlumata görə, Ukrayna üçün bir ədəd "HX-2" sursatının dəyəri 17 min avro təşkil edir. İstehsalçı şirkət olan "Helsing" bildirir ki, "HX-2" hazırda öz seqmentində ən münasib qiymətə malik döyüş sursatlarından biridir.
Bizimyol.info






