Rusiyanın işğalı altında olan Sevastopolda Aİ-92 və Aİ-95 markalı benzinin tükəndiyi bildirilib.
Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, bu barədə şəhərin Rusiyanın təyin etdiyi qondarma “qubernatoru” Mixail Razvojayev məlumat verib.
Onun sözlərinə görə, hazırda bəzi yanacaqdoldurma məntəqələrində yalnız dizel yanacağı mövcuddur, lakin o da bütün stansiyalarda satışda deyil. Benzin tədarükünün gün ərzində bərpa olunacağı gözlənilir.
Yanacaq çatışmazlığı ilə bağlı problemlər yarımadanın ən iri yanacaqdoldurma şəbəkələrində artıq bir həftə əvvəl də müşahidə olunub. Son açıqlamalar vəziyyətin daha da ağırlaşdığını göstərir.
Bundan əvvəl Sevastopolda yanacaq satışına məhdudiyyət tətbiq edilmiş, bəzi məntəqələrdə benzin talonla satılmışdı. Süni ajiotajın qarşısını almaq məqsədilə Rusiya hakimiyyəti yanacaq satışına 20 litrlik limit qoymuşdu. Oxşar məhdudiyyətlər ötən il də Krımda tətbiq edilmişdi.
Ekspertlər Rusiyada yaranan yanacaq qıtlığını iri neft emalı zavodlarında planlaşdırılmamış təmir işləri və neft məhsulları istehsalının azalması ilə əlaqələndirirlər. Bu səbəbdən neft şirkətləri mövcud ehtiyatları əsasən öz satış şəbəkələrinə yönləndirirlər.
Məlumata görə, Ukraynanın son aylarda Rusiya neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə hücumları da vəziyyətə təsir göstərib. Bildirilir ki, mayın 21-də hücumdan sonra Sızran Neft Emalı Zavodu fəaliyyətini dayandırıb. Mayın 27-nə keçən gecə isə pilotsuz aparatların Tuapse şəhərinə hücumu nəticəsində yerli neft emalı zavodunda yanğın baş verdiyi qeyd olunub.
Qadir, Bizimyol.info






