Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp və ABŞ Konqresinə təcili məktub göndərərək Ukraynanın hava hücumundan müdafiə (HHM) ehtiyatlarının, xüsusilə ballistik raketlərə qarşı imkanlarının kritik şəkildə azaldığını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ilk olaraq "Kyiv Independent" məlumat yayıb. Xəbəri Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin də təsdiqləyib.
Məktubda qeyd olunub ki, Ukrayna raket hücumlarından müdafiə məsələsində müttəfiqlərinə güvənir, lakin ballistik raketlərdən qorunmada əsas ümid ABŞ-dır.
Ukrayna rəsmiləri "Patriot" sistemləri üçün raketlərin və Qərb tərəfindən verilmiş digər HHM vasitələrinin çatışmazlığı səbəbindən ölkənin Rusiyanın yeni hücumlarına qarşı müdafiəsinin çətinləşəcəyindən narahat olduqlarını bildiriblər.
“Raketdən müdafiə sahəsində vəziyyət həqiqətən çətindir”, – deyə mənbələrdən biri bildirib.
Məlumata görə, Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina məktubu Ağ Evə, Nümayəndələr Palatasının spikeri Mayk Consona və Konqres üzvlərinə çatdırıb.
Məktubda həmçinin NATO müttəfiqləri çərçivəsində həyata keçirilən PURL proqramı üzrə silah tədarükündə yaranan problemlərlə bağlı Kiyevin narahatlığı da əks olunub. “Hazırkı tədarük tempi üzləşdiyimiz real təhlükəyə artıq uyğun gəlmir. Ukrayna səmasının Rusiya raketlərindən qorunması üçün yardımınızı xahiş edirəm”, – deyə məktubda vurğulanıb.
Zelenski ABŞ-dan "Patriot PAC-3" raketlərinin və digər HHM sistemlərinin tədarükünün davam etdirilməsini istəyib.
Müraciət Rusiyanın Ukraynaya qarşı kütləvi hava hücumlarını artırdığı və Kiyevə yeni uzaqmənzilli zərbələr barədə açıq təhdidlərin səsləndiyi bir dövrdə edilib.
Qadir, Bizimyol.info






