İran ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrdə İslam Respublikasına qarşı səsləndirdiyi təhdidlərə cavab verməyi zəruri hesab etmir və “öz üslubunda” hərəkət etmək niyyətindədir.
Bizimyol.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Bəqai bildirib.
“Bizim daha vacib işlərimiz var. Əgər qarşı tərəfin sosial şəbəkələrdə paylaşdığı post və görüntülərə cavab verməklə məşğul olsaq, daha mühüm nəticələr əldə edə bilmərik. Biz diqqətimizi ölkəmizin milli maraqlarının təşviqi və müdafiəsinə yönəltmişik”, – deyə o, İran dövlət teleradio şirkətinə açıqlamasında bildirib.
Bəqai əlavə edib ki, “zəruri olan hər yerdə İran öz üslubu və yanaşması ilə hərəkət edəcək”.
Qeyd edək ki, Donald Tramp “Truth Social” platformasında mütəmadi olaraq İrana qarşı təhdid xarakterli paylaşımlar edir. Mayın 6-da ABŞ lideri Tehran razılaşmaya getməyəcəyi təqdirdə İslam Respublikasını “daha genişmiqyaslı və daha intensiv” bombardmanlarla hədələmişdi.
Bizimyol.info






