ABŞ hakimiyyəti Tehrana qarşı diplomatik əməkdaşlığın arzuolunan nəticələr vermədiyi qənaətinə gələrsə, İranla bağlı gələcək addımlarda digər variantlardan istifadə etməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
“ABŞ Prezidenti Donald Trampın dediyi kimi, o, tələsmir və pis bir razılaşma imzalamayacaq. Biz alternativ variantlara keçməzdən əvvəl diplomatiyaya tam şans verəcəyik”, – deyə ABŞ xarici siyasət qurumunun rəhbəri Hindistana səfəri zamanı qeyd edib.
“Ya yaxşı bir razılaşma əldə olunacaq, ya da biz başqa yolla hərəkət etməli olacağıq”, – deyə Rubio vurğulayıb və Vaşinqton administrasiyasının İranla bağlı növbəti addımlarını nəzərdə tutub. Dövlət katibi tərəflərin mümkün razılaşmalar üzərində hələ də işlədiyini bildirib.
Rubio daha əvvəl “India Today” telekanalına müsahibəsində də bildirmişdi ki, əgər Tehranla aparılan danışıqlar vasitəsilə məqsədlərə nail olunmazsa, ABŞ hərbi əməliyyatların yenidən başlanmasını da istisna etmir.
Bizimyol.info






