Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zeynəb Əyyubova: “Uşaqlarda tiklər xüsusilə məktəb yaş dövründə daha çox görünür”
Zeynəb Əyyubova: “Uşaqlarda tiklər xüsusilə məktəb yaş dövründə daha çox görünür”
Uşaqlarda gözlənilmədən təkrarlanan hərəkət və səslər, yəni “tiklər”, çox vaxt valideynlərdə narahatlıq yarada bilər. Tiklər əksər hallarda qısa müddətli və yüngül olur, lakin bəzi uşaqlarda daha davamlı şəkildə müşahidə edilə bilər. Tiklər həm bədən hərəkətləri şəklində (məsələn, baş yelləmək, göz qırpmaq), həm də səslərlə (məsələn, səs çıxarmaq, sözləri təkrar etmək) özünü göstərə bilər.

Tiklərin yaranma səbəbləri nələrdir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, tiklər bir çox halda müvəqqəti xarakter daşıyır: “Uşaqlarda müşahidə olunan “tiklər”, yəni təkrarlanan qeyri-iradi hərəkət və ya səslər valideynləri çox vaxt narahat etsə də, bu vəziyyət hər zaman ciddi psixoloji və ya nevroloji problem demək deyil. Tiklər xüsusilə məktəb yaş dövründə daha çox görünür və bir çox halda müvəqqəti xarakter daşıyır.

Zeynəb Əyyubova həmçinin vurğulayıb: “Tiklər əsasən iki formada özünü göstərə bilər: motor tiklər və vokal tiklər. Motor tiklərə tez-tez göz qırpmaq, başı silkələmək, çiyin oynatmaq, üz mimikalarını təkrarlamaq kimi hərəkətlər daxildir. Vokal tiklər isə boğaz təmizləmə, səs çıxarma, müəyyən söz və ya səsləri təkrarlama şəklində ortaya çıxa bilər.

Tiklərin yaranma səbəbləri tam olaraq bir faktora bağlı deyil. Adətən bir neçə amilin birlikdə təsiri nəticəsində meydana çıxır:

Genetik meyillilik – ailədə tik, diqqət çatışmazlığı və ya obsesiv davranışların olması riski artıra bilər.

Stress və emosional gərginlik – uşağın qorxu, narahatlıq, təzyiq və ya emosional yüklənmə yaşaması tikləri gücləndirə bilər.

Yorğunluq və yuxusuzluq – qeyri-kafi istirahət tiklərin daha sıx görünməsinə səbəb olur.

Həyəcan və adaptasiya problemləri – məktəb dəyişməsi, ailədaxili konfliktlər, yeni mühitə uyğunlaşma kimi hallar təsir göstərə bilər”.

Zeynəb Əyyubova qeyd edib ki, uşaq çox zaman bu hərəkətləri istəyi ilə etmir: “Bəzi nevroloji və inkişaf xüsusiyyətləri – xüsusilə diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB) və ya obsesiv-kompulsiv simptomlarla birlikdə müşahidə oluna bilər.

Valideynlərin ən çox etdiyi səhvlərdən biri uşağın tiklərini davamlı şəkildə vurğulamaq və “etmə”, “özünü saxla” kimi reaksiyalar verməkdir. Bu yanaşma əksər hallarda uşağın gərginliyini artırır və tiklərin daha da güclənməsinə səbəb olur. Uşaq çox zaman bu hərəkətləri istəyi ilə etmir və onları tam nəzarətdə saxlamaq onun üçün çətin olur”.

Zeynəb Əyyubova əlavə edib: “Psixoloq olaraq valideynlərə ilk tövsiyə uşağı müşahidə etmək, onu qınamamaq və emosional təhlükəsizlik hissini qorumaqdır. Əgər tiklər uzun müddət davam edir, gündəlik həyata təsir edir və ya getdikcə artırsa, mütəxəssis dəstəyi almaq faydalı olar. Bəzi hallarda psixoloji dəstək, davranış terapiyası və ailə ilə iş tiklərin azalmasına kömək edir.

Unutmaq olmaz ki, hər tik problemi ciddi xəstəlik göstəricisi deyil. Erkən müşahidə, düzgün yanaşma və dəstəkləyici münasibət uşağın həm emosional vəziyyətinə, həm də davranışlarının tənzimlənməsinə müsbət təsir göstərir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »