Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amina Mohammed: “WUF13 dayanıqlı urbanizasiya üzrə əsas qlobal platformadır”
Amina Mohammed: “WUF13 dayanıqlı urbanizasiya üzrə əsas qlobal platformadır”

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində çıxış edən BMT Baş katibinin müavini Amina Mohammed forumun qlobal əhəmiyyətini vurğulayaraq bildirib ki, mövcud geosiyasi gərginliklər, münaqişələr və beynəlxalq böhranlar fonunda belə platformaların rolu daha da artır.

O qeyd edib ki, WUF13 dayanıqlı urbanizasiya və BMT prinsiplərinin həyata keçirilməsi üzrə əsas qlobal platformalardan biri olaraq öz əhəmiyyətini bir daha nümayiş etdirib:

“Forumun əhəmiyyətini və əldə olunan böyük uğuru kiçiltmək olmaz. Dünyada geosiyasi gərginliklərin, münaqişələrin və böhranların liderlərin diqqətinin böyük hissəsini tutduğu bir dövrdə bu Forum bir daha nümayiş etdirdi ki, Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya və BMT prinsiplərinin həyata keçirilməsi üzrə əsas qlobal platforma olaraq qalır”.

Amina Mohammed bildirib ki, forum hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli xalqları, iqlim texnologiyaları üzrə tərəfdaşları, akademik dairələri, gəncləri, qadın təşkilatlarını, icmaları və BMT sistemini bir araya gətirib.

“Forum gələcəyin şəhərləri ilə bağlı ortaq baxış formalaşdırdı”, – deyə o vurğulayıb.

BMT rəsmisi qadın təşkilatlarının iştirakını xüsusi qeyd edərək onların çağırışlarının və liderliyinin mühüm əhəmiyyət daşıdığını bildirib:

“Bu gün səhər qadın təşkilatlarının nümayəndələri ilə görüşüm xüsusilə təsirli oldu. Onların liderliyi və real həyat təcrübəsinə əsaslanan çağırışları çox önəmli idi”.

Sonda qeyd olunub ki, WUF13 çərçivəsində aparılan müzakirələr dayanıqlı urbanizasiyanın artıq qlobal gündəliyin ayrılmaz hissəsinə çevrildiyini bir daha göstərib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »