2019-cu ildə koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da nəqliyyat sisteminə ciddi təsir göstərdi.
Sərhədlərin bağlanması ilə yanaşı, beynəlxalq qatar reysləri də dayandırıldı. O gündən bu yana keçən 6 ildən çox müddət ərzində dəmiryolu ilə xarici istiqamətlərə səyahət demək olar ki, yaddaşlarda qalan bir təcrübəyə çevrilmişdi.
Bu gün isə, Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi istiqamətində sərnişin qatarının yenidən fəaliyyətə başlayacağını elan edir.
İlkin olaraq elan edilən qiymət – komfort sinfi üçün 81 manat – sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Maraqlı məqam isə odur ki, bir çox istifadəçi bu rəqəmi 2019-cu ilin qiymətləri və həmin dövrdəki qatarlarla müqayisə etməyə başlayıb. Halbuki bu gün təqdim olunan sistem artıq tamamilə fərqli standartlara əsaslanır.
Jurnalistlər üçün təşkil olunan təqdimatda yeni qatar da nümayiş etdirilib. Mayın 25-də ilk səfərə çıxması planlaşdırılan qatar 6 vaqondan ibarətdir və onlardan biri restoran vaqonu kimi fəaliyyət göstərir. Bu isə səyahətin yalnız nəqliyyat deyil, həm də xidmət təcrübəsinə çevrildiyini göstərir.
Qatarın daxilində yaradılan şərait isə əvvəlki illərlə müqayisədə ciddi fərq yaradır. “SV” kimi tanınan iki nəfərlik kupe yerləri indi “komfort” sinfi kimi təqdim olunur. Burada yalnız yatmaq üçün yer deyil, eyni zamanda oturma sahəsi, şəxsi məkan və duş kabinəsi də vr.
Bu detal, əslində, səyahət anlayışının dəyişdiyini göstərir. Artıq qatar, sadəcə, bir nöqtədən o birinə gedən nəqliyyat vasitəsi deyil, yol boyu komfort və şəxsi rahatlıq təqdim edən bir xidmət modelinə çevrilir.
İnternet bağlantısının təmin olunması da bu dəyişimin bir hissəsidir. Sərnişinlər səyahət zamanı həm işləyə, həm də rahat şəkildə vaxt keçirə bilirlər.
Eyni zamanda hər bir sərnişin üçün xüsusi şəxsi ləvazimatların təqdim olunması da yeni xidmət standartlarının tərkib hissəsidir. Bu, beynəlxalq dəmiryolu təcrübələrinə uyğunlaşdırılmış yanaşma kimi qiymətləndirilə bilər.
Bütün bu dəyişikliklər fonunda əsas sual isə dəyişmir: qiymət artımı ilə xidmət keyfiyyəti arasında balans necə qurulub?
Sosial mediada gedən müzakirələrin də əsas mərkəzində məhz bu məqam dayanır.
Lakin bir həqiqət də var ki, 2019-cu ilin nəqliyyat modeli ilə 2026-cı ilin xidmət standartlarını eyni tərəzidə ölçmək artıq mümkün deyil. Çünki burada yalnız qiymət deyil, texnologiya, komfort, təhlükəsizlik və xidmət səviyyəsi də dəyişib.
Ancaq etiraf edək ki, Bakı–Tbilisi qatar xəttinin bərpası təkcə bir marşrutun açılması deyil, eyni zamanda Azərbaycanda dəmiryolu səyahət mədəniyyətinin yeni mərhələyə keçdiyini göstərir.
İradə Cəlil, Bizimyol.info






