Bakıda keçirilən World Urban Forum çərçivəsində çıxış edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov paytaxtın dayanıqlı urban transformasiyası və nəqliyyat infrastrukturunun gələcək inkişafı ilə bağlı mühüm məqamları diqqətə çatdırıb.
O bildirib ki, Baku Master Plan 2040 və nəqliyyat üzrə əsas plan müasir və dayanıqlı şəhərsalma yanaşmasına əsaslanır. Tərlan Səfərovun sözlərinə görə, şəhərin inkişaf fəlsəfəsinin mərkəzində tranzit yönümlü inkişaf modeli — TOD konsepsiyası dayanır:
“Bu model çərçivəsində şəhərin əsas inkişaf istiqamətləri nəqliyyat qovşaqları ətrafında formalaşdırılır ki, Bakı dayanıqlı nəqliyyat sistemi üzərində inkişaf etsin”.
O qeyd edib ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu istiqamətdə mühüm addımlar atıb. Bildirilib ki, layihələrin qiymətləndirilməsi və planlaşdırılması üçün milyonlarla məlumat nöqtəsini özündə birləşdirən rəqəmsal əkiz sistemi yaradılıb.
Çıxış zamanı qeyd olunub ki, şəhərdaxili ictimai nəqliyyat sisteminin genişləndirilməsi əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, gündəlik xəttə çıxan avtobusların sayının 2300-ə çatdırılması və sərnişindaşıma həcminin 32 faiz artırılması planlaşdırılır.
“Bu genişlənmə nəticəsində artıq ildə təxminən 500 milyon sərnişin daşınır”, – deyə o bildirib.
Tərlan Səfərov əlavə edib ki, ictimai nəqliyyatda artan tələbatı qarşılamaq məqsədilə regional dəmir yolu şəbəkəsi də genişləndirilir. Bakı Mərkəzi Dəmiryol Vağzalı ilə şəhərətrafı yaşayış məntəqələrinin əlaqələndirilməsi üçün yeni sərnişin xətlərinin yaradılması nəzərdə tutulur.
O bildirib ki, bu istiqamətdə 20 yeni müasir sərnişin qatarının alınması planlaşdırılır.
Metro şəbəkəsinin inkişafına da xüsusi diqqət ayrıldığını deyən Tərlan Səfərov qeyd edib ki, şəhər əlçatanlığının artırılması məqsədilə 10 yeni metro stansiyası layihələndirilir.
Qeyd olunub ki, metro sistemində təhlükəsizliyin və hərəkət intensivliyinin artırılması üçün yaşıl və qırmızı xətlərin ayrılması da planlaşdırılır.
Tərlan Səfərov bildirib ki, artıq magistral yollar, metro, dəmir yolu və avtobus sistemlərinə ayrı-ayrı nəqliyyat vasitələri kimi deyil, vahid ekosistemin hissəsi kimi yanaşılır:
“Biz bütün bu şəbəkələri həm rəqəmsal, həm də fiziki baxımdan vahid sistemdə birləşdirmək istəyirik”.
Onun sözlərinə görə, inteqrasiya olunmuş nəqliyyat sistemi sakinlərin gündəlik hərəkətini asanlaşdıracaq, səyahət vaxtını azaldacaq və şəhərdə əlçatanlığı artıracaq.
Sonda vurğulanıb ki, Bakının gələcək inkişaf strategiyası dayanıqlı mobillik, ağıllı nəqliyyat həlləri və rəqəmsal idarəetmə prinsiplərinə əsaslanır.
Leyla Mirzə, Bizimyol.info






