Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fariz Əzizov: “Şəhərlər əvvəlki cəmiyyət modellərinə uyğun planlaşdırılmamalıdır”
Fariz Əzizov: “Şəhərlər əvvəlki cəmiyyət modellərinə uyğun planlaşdırılmamalıdır”

Bakıda keçirilən World Urban Forum çərçivəsində çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Fariz Əzizov paytaxtın urban transformasiyası və dayanıqlı nəqliyyat infrastrukturu ilə bağlı mühüm məsələlərə toxunub.

O bildirib ki, bu gün şəhərlərin rəqabət qabiliyyəti artıq yalnız iqtisadi göstəricilər və tikinti həcmləri ilə müəyyən edilmir:

“Şəhərlərin uğuru insanların nə qədər rahat hərəkət edə bilməsi, urban sistemlərin əlçatanlığı və şəhərlərin sürətli inkişaf təzyiqinə nə dərəcədə davamlı olması ilə ölçülür”.

Fariz Əzizov qeyd edib ki, Bakı hazırda eyni anda bir neçə transformasiya mərhələsindən keçir. Onun sözlərinə görə, şəhər sovet urban irsinin təsiri altında formalaşmış modeldən müasir və çoxmərkəzli metropoliyaya çevrilir.

O vurğulayıb ki, Bakı artıq iri istehsal axınları və monofunksional rayonlarla xarakterizə olunan sənaye şəhəri modelindən uzaqlaşaraq xidmət, texnologiya və dəyişən həyat tərzinə əsaslanan daha çevik postindustrial urban mühitə keçid edir.

Çıxış zamanı müasir şəhərsalmanın ən çətin tərəflərindən birinin şəhərlərin ənənəvi planlaşdırma modellərindən daha sürətlə dəyişməsi olduğu diqqətə çatdırılıb:

“Urbanistlər bəzən şəhərləri əvvəlki cəmiyyət modellərinə uyğun planlaşdırmaq riski ilə üzləşirlər”.

Fariz Əzizov bildirib ki, gələcəyin şəhərlərində insanların necə yaşayacağını, işləyəcəyini və hərəkət edəcəyini proqnozlaşdırmaq getdikcə daha mürəkkəb olur.

O, çıxışı zamanı bir sıra vacib sualların da aktuallığını vurğulayıb:

“Urban inkişaf şəhərətrafı ərazilərə doğru davam edəcəkmi? Uzaqdan və hibrid iş rejimi nəqliyyat axınlarını tamamilə dəyişəcəkmi? Gələcəyin şəhərləri çoxfunksiyalı biznes mərkəzləri ətrafında, yoxsa qarışıq istifadəli urban məkanlar əsasında formalaşacaq?”

Sonda qeyd olunub ki, texnoloji, demoqrafik, iqtisadi və sosial dəyişikliklər fonunda şəhərlərin rolu sürətlə dəyişir və bu dəyişikliklər gələcəyin urban siyasətinin əsas çağırışlarından birinə çevrilir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »