Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO zəifləyir, türk dünyası güclənir: yeni geosiyasi mərhələ
NATO zəifləyir, türk dünyası güclənir: yeni geosiyasi mərhələ

Türk Dövlətləri Təşkilatı region üçün son dərəcə vacib addımlar atıb və inteqrasiya prosesini hər il daha da dərinləşdirərək yeni qurumlar formalaşdırmağa çalışır. Bu strukturun həqiqətən qlobal gücə çevrilə biləcəyi sualına cavab olaraq bir sıra mühüm məqamları qeyd etmək olar.

Bu gün, xüsusilə Ukrayna-Rusiya müharibəsindən sonra Transatlantik alyansın demək olar ki, qırılma nöqtəsinə gəldiyi, NATO-nun zəiflədiyi və Amerika ilə Avropa arasında uzun illər mövcud olan strateji əməkdaşlığın ciddi şəkildə sarsıldığı müşahidə olunur. Hətta 28 iyul 2026-cı ildə Türkiyədə keçiriləcək NATO zirvə toplantısının təşkilat üçün son böyük görüşlərdən biri ola biləcəyinə dair fikirlər səsləndirilir. Donald Trampın ABŞ-ın NATO-dan ayrılması ilə bağlı açıqlamaları nə qədər radikal görünsə də, bu istiqamətdə müəyyən siyasi siqnalların mövcudluğunu göstərir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan türk politoloq Hüsamettin İnaç bildirib ki, Soyuq müharibə dövründə Avropanın təhlükəsizlik və müdafiə yükünü əsasən ABŞ daşıyıb. Bu gün isə Vaşinqtonda Avropa Birliyinin Amerika maraqlarına kifayət qədər loyal davranmadığına dair düşüncələr güclənir. Xüsusilə Avropanın Çinlə böyük iqtisadi əməkdaşlığa getməsi və Rusiyanın enerji resurslarından yüksək asılı vəziyyətə düşməsi ABŞ daxilində ciddi narahatlıq yaradıb.

“Angela Merkel dövründə Almaniyanın “Şimal Axını-2” layihəsinə verdiyi dəstək də bu baxımdan uzun müddət müzakirə olunub. Ukrayna müharibəsi fonunda həmin layihənin faktiki olaraq sıradan çıxarılması isə Avropa-Rusiya enerji xəttində yeni mərhələ yaratdı.

Bu şəraitdə NATO-nun yaratdığı boşluq regionlarda yeni təhlükəsizlik arxitekturalarının formalaşmasına səbəb olur. İran ətrafında baş verən gərginlik və Körfəz regionunda yaşanan hadisələr də ABŞ-ın qlobal hegemon güc kimi əvvəlki təsir imkanlarının sual altına düşməsinə gətirib çıxarıb. Xüsusilə Hörmüz boğazı məsələsində Vaşinqtonun gözlənilən nəticəni əldə edə bilməməsi ABŞ-ın regional təsir gücü ilə bağlı şübhələri artırıb”, — deyə Hüsamettin İnaç bildirib.

Politoloqun sözlərinə görə, Çin qlobal hegemon güc rolunu açıq şəkildə üzərinə götürmək istəmir. Pekinin əsas prioriteti 1,5 milyardlıq əhalinin iqtisadi və sosial sabitliyini qorumaqdır. Bunun üçün istehsal və iqtisadi inkişaf əsas vasitə hesab olunur. Çin ABŞ və Avropa ilə münasibətlərdə sərt gücdən istifadə etməkdən daha çox iqtisadi təsir alətlərinə üstünlük verir. Bu isə qlobal güc balansında yeni boşluqlar yaradır.

Politoloqun fikrincə, məhz belə bir dövrdə Türk Dövlətləri Təşkilatının əhəmiyyəti daha da artır. Son görüşlərdə təhlükəsizlik və müdafiə arxitekturasının formalaşdırılması istiqamətində addımlar atılması xüsusi diqqət çəkir. Hətta Bakının bu strukturun təhlükəsizlik koordinasiya mərkəzlərindən biri kimi ön plana çıxması və türk dövlətlərinin hərbi təlimlərinin burada keçirilməsi mühüm hadisə kimi qiymətləndirilir.

Politoloq hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin son dövrlərdə sürətlənməsi də bu mövqeyi daha da gücləndirir. Çünki Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanın regionda yüksələn gücə çevrilməsinə imkan yaradır. Azərbaycan həm geosiyasi, həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik baxımından Türk Dövlətləri Təşkilatının mərkəzi oyunçularından birinə çevrilir.

Politoloq bildirib ki, bu təşkilat xüsusilə regionun təhlükəsizlik ehtiyaclarının qarşılanması baxımından böyük əhəmiyyət daşıyır. ABŞ-ın son dövrlərdə Orta Asiya, Xəzər hövzəsi, Türküstan coğrafiyası və Cənubi Qafqaza marağının artması da təsadüfi deyil. Vaşinqtonun Çini İran, Hind okeanı və Avrasiya xətti üzərindən balanslaşdırmaq cəhdləri bölgənin strateji əhəmiyyətini daha da artırır. Orta Dəhliz layihəsi və onun qlobal nəqliyyat marşrutuna çevrilməsi istiqamətində atılan addımlar da bu baxımdan diqqət çəkir.

“Məhz bu şəraitdə Türk Dövlətləri Təşkilatının beynəlxalq güc rəqabəti arenasında mühüm mərkəzə çevrilmə ehtimalı yüksəlir. Bununla yanaşı, Böyük Britaniyanın bu prosesə verdiyi dəstək ayrıca diqqət çəkən məqamdır. Çünki Rusiya, Çin və ABŞ kimi böyük güclər belə bir strukturun güclənməsinə ehtiyatla yanaşırlar”, — deyə Hüsamettin İnaç bildirib.

Politoloq qeyd edib ki, 2013-cü ildə elan olunan “Bir Kəmər, Bir Yol” təşəbbüsündən sonra qlobal güc balansında yeni mərhələ başlayıb. ABŞ uzun illər əvvəl güzəştə getdiyi qlobal təsir imkanlarını yenidən bərpa etməyə çalışır. Bu prosesdə Türkiyə və türk dünyası ilə yaxın əməkdaşlıq edən Böyük Britaniya, eləcə də İtaliya və İspaniya kimi Avropa ölkələri də bu struktur daxilində özlərinə yeni geosiyasi imkanlar görürlər.

Politoloq hesab edir ki, Türk Dövlətləri Təşkilatının yaxın gələcəkdə regional birlikdən daha böyük qlobal güc mərkəzinə çevrilməsi ehtimalı artır. Çünki İkinci Dünya Müharibəsindən sonra formalaşan beynəlxalq sistem artıq əvvəlki təsir gücünü itirir və yeni geosiyasi düzən formalaşır. ABŞ, Rusiya və Çin kimi güclərin müxtəlif istiqamətlərdə ciddi problemlərlə üzləşdiyi bir dövrdə türk dünyasının strateji əhəmiyyəti daha da artır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »