İran və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar son illərdə beynəlxalq siyasətin ən sərt təzyiq alətlərindən birinə çevrilib. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyalar enerji, maliyyə, texnologiya və nəqliyyat sektorlarını əhatə edərək geniş miqyas alıb. İrana qarşı sanksiyalar isə daha uzunmüddətli xarakter daşıyır və əsasən nüvə proqramı, regional siyasət və təhlükəsizlik məsələləri ilə əlaqələndirilir. Hər iki halda bu sanksiyalar yalnız iqtisadi deyil, həm də siyasi və geosiyasi balansı dəyişdirən vasitə kimi çıxış edir.
Politoloq Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, beynəlxalq aləmdə ayrı-ayrı dövlətlərlə münasibətdə sanksiyaların tətbiqi geniş yayılmış təcrübədir: “Məsələn, artıq yarım əsrə yaxındır İrana qarşı sanksiyalar tətbiq olunur, son zamanlar isə Rusiya–Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı, eləcə də Çin, Şimali Koreya və digər dövlətlərə münasibətdə müxtəlif sanksiyalar həyata keçirilir. Bu sanksiyaların tətbiq edilməsində əsas məqsəd həmin dövlətlərin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və digər beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğun hərəkət etməməsi, demokratik dəyərlərə zidd addımlar atması və insan hüquq və azadlıqlarını pozması ilə əsaslandırılır”.
Politoloqun fikrincə, görünən odur ki, bu izahlar hər zaman tam reallığı əks etdirmir. Çünki sanksiyalar çox vaxt təzyiq mexanizmi kimi istifadə edilir və təcrid olunmuş dövlətlərə münasibətdə müəyyən güc mərkəzlərinin maraqlarını həyata keçirmək vasitəsinə çevrilir. Bu prosesdə əsas məqsəd həmin dövlətləri istənilən siyasi istiqamətə yönləndirmək olur.
“ Sanksiyalar artıq o qədər geniş tətbiq olunur ki, əslində hər hansı yanlış addım atan dövlətə qarşı ədalətli və ölçülü şəkildə tətbiq edilməli olan cəza mexanizmi kimi nəzərdə tutulsa da, praktika fərqlidir. Xüsusilə ABŞ və Avropa İttifaqının maraqlarına zidd addım atan dövlətlərə qarşı bu mexanizm dərhal işə salınır, bu isə sanksiyaların selektiv tətbiq edildiyini göstərir”-deyən Xəyal Bəşirov bildirib ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququ kimi mexanizmlər də beynəlxalq sistemdə balanssızlıq yaradır. Sanksiyaların tətbiqinə vahid nəzarət mexanizminin olmaması onların müxtəlif ölkələr tərəfindən fərqli standartlarla həyata keçirilməsinə şərait yaradır.
Politoloqun fikrincə, bu proses həm siyasi, həm də iqtisadi baxımdan qlobal zəncirin pozulmasına səbəb olur.
Politoloq bildirirki, dünya iqtisadiyyatı vahid orqanizm kimi fəaliyyət göstərdiyi üçün sanksiyalar bu sistemdə ciddi disbalans yaradır və qlobal iqtisadiyyata zərbə vurur. Xüsusilə enerji bazarlarında baş verən dəyişikliklər həm inkişaf etmiş, həm də zəif ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Bəzi ölkələr bu zərbələri kompensasiya edə bilsə də, digərləri üçün bu təsirlər daha ağır və uzunmüddətli olur: “Bu baxımdan sanksiya siyasətinin ya ciddi şəkildə beynəlxalq çərçivəyə salınması, ya da yenidən nəzərdən keçirilməsi zəruri görünür. Çünki mövcud formada bu siyasət gözlənilən məqsədlərə tam nail olmaqdan daha çox, qlobal iqtisadi və siyasi qeyri-sabitliyi artırır və dar çərçivədə müəyyən güc mərkəzlərinin maraqlarına xidmət edir”.
İradə Cəlil, Bizimyol.info






