Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Cinpinq Trampa bildirib ki, Putin Ukraynaya müdaxilədən peşman ola bilər
Si Cinpinq Trampa bildirib ki, Putin Ukraynaya müdaxilədən peşman ola bilər

Çin lideri Si Cinpinq Pekində ABŞ Prezidenti Donald Trump ilə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə görə sonda peşman ola biləcəyini deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Si Cinpinq bu fikri Ukrayna mövzusunun da müzakirə olunduğu geniş danışıqlar zamanı səsləndirib. Mənbələr bildirir ki, Çin liderinin Putinin qərarı ilə bağlı səsləndirdiyi fikirlər əvvəlki mövqelərlə müqayisədə daha sərt xarakter daşıyıb.

Nəşr qeyd edir ki, Si Cinpinq daha əvvəl ABŞ-nin keçmiş prezidenti Co Bayden ilə keçirdiyi görüşlərdə Rusiya və Ukrayna barədə açıq və birbaşa müzakirələr aparsa da, Putinin özü və müharibə ilə bağlı şəxsi münasibətini ifadə etməmişdi.

Bazar günü Tramp administrasiyası Pekində keçirilən sammitlə bağlı məlumat bülleteni yayımlasa da, sənəddə Putin və ya Ukraynadakı müharibə ilə bağlı müzakirələrə yer verilməyib.

Mənbələrin sözlərinə görə, Tramp görüş zamanı ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı birgə fəaliyyət göstərməsini də təklif edib. O bildirib ki, bu məsələdə üç ölkənin maraqları üst-üstə düşür.

Si Cinpinqin Putinə dair açıqlaması Rusiyanın Ukraynaya qarşı müharibəsinin dörd ildən sonra dalana dirəndiyi bir dövrə təsadüf edir. Xüsusilə Ukraynanın pilotsuz uçuş aparatlarından daha effektiv istifadə etməsi və Rusiya qüvvələrinə qarşı dron hücumlarını artırması müharibənin gedişinə ciddi təsir göstərir.

Bundan əvvəl KİV-lər Vladimir Putinin mayın 20-də Çinə səfər edəcəyini yazmışdı. Məlumata görə, bu səfər Si Cinpinq və Donald Tramp arasında Pekində keçirilən sammitdən cəmi bir neçə gün sonraya planlaşdırılıb.

"South China Morning Post" nəşrinin məlumatına əsasən, Rusiya liderinin səfəri bir gün davam edəcək və iki ölkə arasında müntəzəm diplomatik təmasların bir hissəsi hesab olunur.

Bununla belə, Çin tərəfi danışıqlarda Ukrayna müharibəsinin ayrıca müzakirə olunub-olunmayacağı barədə məlumat verməyib. Bu məsələ həm Kremlin, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »