Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin sui-qəsd iddiası: müharibə yeni təhlükəli mərhələyə keçir?
Zelenskinin sui-qəsd iddiası: müharibə yeni təhlükəli mərhələyə keçir?

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya xüsusi xidmət orqanları Ukraynanın ali rəhbərliyinə qarşı genişmiqyaslı sui-qəsd planları hazırlayır. Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin hərəkət trayektoriyası və yerləşdiyi məkanlar intensiv şəkildə izlənilir, koordinatlar toplanır. Zelenski bildirib ki, təhlükə təkcə onun şəxsini deyil, yüksək rütbəli dövlət rəsmilərini və hərbi rəhbərliyi də əhatə edir. Bu açıqlama fonunda Kiyevdə təhlükəsizlik səviyyəsinin “qırmızı” həddə qaldırıldığı və xüsusi əməliyyatların gücləndirildiyi qeyd olunur.

  • Zelenskinin Rusiya tərəfindən yüksək rütbəli dövlət rəsmilərinə qarşı sui-qəsd planları barədə açıqlaması müharibənin təhlükəsizlik və kəşfiyyat müstəvisini necə dəyişdirir?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zelenskinin Ukrayna rəhbərliyinə qarşı Rusiya tərəfindən sui-qəsdlərin törədilə biləcəyi ilə bağlı irəli sürdüyü iddialar ciddi qəbul olunmalı məqamlardır.

Politoloqun sözlərinə görə, müasir dövrdə müharibələrin xarakteri dəyişir və xüsusilə Rusiya Ukrayna ərazilərinə hücum edərkən bir çox hallarda müharibə qanunlarına tam riayət etmir, həm hərbi obyektləri, həm də mülki infrastrukturu, yaşayış binalarını və dövlət inzibati binalarını hədəfə alır.

“Biz keçən il Ukrayna Nazirlər Kabinetinin binasının, eləcə də Kiyevin mərkəzi ərazilərinin hücuma məruz qaldığını xatırlayırıq. Bu baxımdan müəyyən mərhələdə Rusiya tərəfindən “qisas” və ya təzyiq məqsədilə qərarverici mərkəzlərin hədəfə alınması ehtimalı kifayət qədər yüksək kimi qiymətləndirilə bilər.

Belə bir ssenari reallaşarsa və Ukraynanın hərbi-siyasi rəhbərliyi zərərsizləşdirilərsə, bu, Ukrayna cəmiyyətində ümidsizlik və qeyri-müəyyənliyin artmasına səbəb ola biləcək ciddi faktor kimi dəyərləndirilə bilər. Bununla yanaşı, bu iddiaların nə dərəcədə real kəşfiyyat məlumatlarına əsaslandığını dəqiq demək çətindir. Lakin ümumilikdə qeyd etmək olar ki, belə bir iddia özünü doğruldarsa, bunun nəticələri çox ağır ola bilər və müharibə daha da kəskin, qanlı mərhələyə keçə bilər”, – deyə politoloq bildirib.

O qeyd edib ki, burada informasiya müharibəsi və psixoloji təzyiq elementlərinin mövcudluğu da istisna edilmir.

Oqtay Qasımov hesab edir ki, Ukrayna tərəfi bu tip açıqlamalarla beynəlxalq ictimai rəyi səfərbər etməyə və Rusiyaya qarşı siyasi-diplomatik təzyiqlərin artırılmasına çalışa bilər. Xüsusilə Rusiyanın tərəfdaş ölkələri üzərindən müəyyən siyasi təzyiqlərin formalaşdırılması bu gedişin mümkün məqsədlərindən biri kimi görünür.

Politoloqun fikrincə, Rusiya–Ukrayna müharibəsi artıq çoxşaxəli xarakter alıb və tərəflər vaxtaşırı olaraq bir-birinin strateji obyektlərinə zərbələr endirirlər. Son dövrlərdə həm Ukraynanın Rusiya ərazilərinə, həm də Rusiyanın Ukraynanın müxtəlif regionlarına həyata keçirdiyi hücumlar münaqişənin yeni və daha gərgin mərhələyə daxil olduğunu göstərir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »