Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yasamaldakı binaların liftlərini, qurğularını kim və necə oğurlayıb?
Yasamaldakı binaların liftlərini, qurğularını kim və necə oğurlayıb?

Paytaxtın Yeni Yasamal ərazisindəki binalarda liftlərin qurğularının kütləvi şəkildə oğurlanması ilə bağlı məhkəmə araşdırmaları başa çatıb.

Bizimyol.info xəbər verir ki, 1979-cu il təvəllüdlü Zaur çoxsaylı liftlərin əyləc dolaqlarını oğurlayaraq, onları söküb, içərisindəki misi hissə-hissə metal qəbulu yerinə satmaqda təqsirləndirilir. Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü (oğurluq - binaya qanunsuz daxil olmaqla və təkrar törədildikdə) maddələrilə o, 3 il azadlıqdan məhrum edilib.

İttihama əsasən, oğurlanmış qurğuların hər birinin dəyəri 243 manatdır. Cinayət işində ümumilikdə 13 liftin qurğusunun oğurlanmasından bəhs olunur. Bunların da ikisi bir, dördü də digər Mənzil-Tikinti Kooperativinə (MTK) aid binalardan oğurlanıb. Qalan 7-si isə Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) balansında olan binalardan oğurlanıb.

Liftlərin qurğularının oğurlanması ilə MTK-lardan birinə 486 manat, digərinə 972 manat, MKİS-ə isə 1701 manat ziyan dəydiyi hesablanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bundan əvvəl də oğurluğa görə həbs olunub, 2 il 6 ay azadlıqdan məhrum edilib. Həmin cəzanı 2024-cü ilin iyununda çəkib bitirərək azadlığa çıxıb. Cəzaçəkmə müəssisəsindən azad olunandan sonra dövlət tərəfindən verilən birdəfəlik müavinəti alıb, o pulu hissə-hissə şəxsi ehtiyaclarına xərcləyib. Pulu qurtarandan sonra haradan gəlir əldə edəcəyini düşünüb: “İşləmək üçün bir neçə yerə müraciət etdim. Amma məhkumluğuma görə heç kim onu işə götürmədi. Çox düşünəndən sonra yenidən yenidən oğurluq etmək qərarına gəldim. Yasamal ərazisində küçələrdə gəzib, oğurluq üçün şərait axtarırdım. Ətrafı gəzə-gəzə içində oğurlana biləcək əşyalar olan avtomobil və mənzil axtarırdım”.

Onun sözlərinə görə, beləcə binaların bloklarına daxil olub, qapıların ağzında velosiped və ya başqa oğurlanmalı əşya olub-olmadığını yoxlayıb. Yoxlaya-yoxlaya da sonuncu mərtəbəyə qalxıb və binanın damına çıxıb. Lift otağına keçərək, oradan qurğunu oğurlayıb. Ertəsi gün “Şamaxinka” ərazisində qurğunu söküb, içindəki misləri satıb. Bu üsulla başqa binalardan da lift qurğularını oğurlamaqla mislərini satıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »