Abbas Araqçi İsraillə əməkdaşlıq edən dövlətləri sərt şəkildə hədələyərək bildirib ki, “İran xalqına qarşı düşmənçilik axmaq macəradır və İsraillə işbirliyi bağışlanmazdır”. İran tərəfi bu açıqlamanı Benjamin Netanyahu-nun guya BƏƏ-yə gizli səfəri və Prezident Şeyx Məhəmməd bin Zayedlə görüşü barədə yayılan məlumatlardan sonra verib. BƏƏ isə Netanyahu-nun ölkəyə səfəri və İsrailin hər hansı gizli hərbi mövcudluğu ilə bağlı iddiaları rəsmən təkzib edərək, münasibətlərin yalnız “İbrahim sazişləri” çərçivəsində və açıq şəkildə aparıldığını vurğulayıb.
- İranın mesajı Körfəz ölkələrinin İsraillə münasibətlərinə təsir edə bilərmi?
Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info-ya açıqlamasında bildirib ki, İran xarici işlər naziri Abbas Araqçinin İsraillə əməkdaşlıq edən dövlətlərə yönələn sərt mesajı ilk növbədə psixoloji və siyasi təzyiq xarakteri daşıyır. Onun sözlərinə görə, bu açıqlama təsadüfi deyil və regionda, xüsusilə Körfəz ölkələrinin İsraillə münasibətlərinin dərinləşməsi fonunda verilib.
“Əgər doğrudan da Netanyahunun BƏƏ-yə gizli səfəri ilə bağlı məlumatlar İran tərəfindən ciddi qəbul olunubsa, Tehran bunu öz təhlükəsizlik maraqlarına təhdid kimi qiymətləndirir. İran uzun illərdir Körfəz ölkələrində İsrailin təhlükəsizlik və ya kəşfiyyat mövcudluğunun artmasını ‘qırmızı xətt’ kimi görür. Buna görə də Araqçinin ‘İran xalqına qarşı düşmənçilik axmaq macəradır’ ifadəsi region ölkələrinə açıq xəbərdarlıq mesajıdır”, – deyə şərhçi bildirib.
Bununla belə, onun fikrincə, İranın bu ritorikasının Körfəz ölkələrinin siyasətini köklü şəkildə dəyişəcəyi ehtimalı yüksək deyil. Çünki son illərdə BƏƏ, Bəhreyn və müəyyən dərəcədə Səudiyyə Ərəbistanı İsraillə münasibətlərə daha praqmatik yanaşma sərgiləyir. Bu əməkdaşlıq artıq təkcə siyasi deyil, həm də texnologiya, təhlükəsizlik, logistika və iqtisadi maraqlar üzərində qurulan strateji xarakter daşıyır.
Mərahim Nəsib qeyd edib ki, BƏƏ-nin Netanyahunun guya gizli səfəri və İsrailin hərbi mövcudluğu ilə bağlı iddiaları təkzib etməsi, Əbu-Dabinin bir tərəfdən İranla açıq qarşıdurmadan yayınmağa, digər tərəfdən isə “İbrahim sazişləri” çərçivəsində İsraillə münasibətləri davam etdirməyə çalışdığını göstərir.
“Körfəz monarxiyaları hazırda balans siyasəti aparır: onlar həm ABŞ və İsraillə strateji əlaqələri qorumağa, həm də İranla birbaşa gərginlikdən uzaq durmağa çalışırlar. Buna görə də İranın sərt bəyanatları qısamüddətli ehtiyatlılıq yarada bilər, bəzi təmasların daha gizli və ya diplomatik formatda aparılmasına səbəb ola bilər. Lakin bu cür açıqlamaların Körfəz ölkələrinin İsraillə yaxınlaşma prosesini dayandıracağı gözlənilmir. Əksinə, regionda təhlükəsizlik riskləri artdıqca bəzi ərəb dövlətləri İsraillə əməkdaşlığı öz müdafiə strategiyalarının bir hissəsi kimi görməyə davam edə bilərlər”, – deyə o əlavə edib.
İradə Cəlil, Bizimyol.info






