ABŞ-ın San-Xose şəhərindən olan 19 yaşlı psixologiya tələbəsi Səm Nelsonun valideynləri, oğullarının dərman aşırı dozası səbəbindən ölümündən sonra "OpenAI" şirkətinə qarşı iddia qaldırıblar.
Bizimyol.info xəbər verir ki, iddia sənədinə görə, gənc oğlan bir neçə ay ərzində "ChatGPT"yə narkotik maddələrlə bağlı suallar verib və valideynlərin iddiasına görə, oğlan chatbotun cavablarını maddə istifadəsi risklərini azaltmaq üçün bir yol kimi qəbul edib.
2025-ci il mayın 31-də Nelson yatağında ölü vəziyyətdə tapılıb. İş materiallarına görə, ölümün səbəbi spirt, Xanax və kratomun birləşməsi olub.
Valideynlər iddia edirlər ki, "ChatGPT" yalnız təhlükələr barədə xəbərdarlıq etməyib, bəzi hallarda maddələrin təsirlərini təsvir edib, sərxoşluğu artırmaq üçün tövsiyələr verib və hətta daha riskli istifadə üsullarını təklif edib.
Ölümündən az əvvəl tələbə Xanax və kratomun qarışığı barədə soruşub. Ailənin versiyasına görə, sistem potensial həyat təhlükəsini qeyd etsə də, qəti qadağa verməyib.
Ölən gəncin anası bildirib ki, oğlu “ağıllı, xoşbəxt, normal bir uşaq” kimi xatırlanmasını istəyir və sistemin fəaliyyətini sərt tənqid edərək: “Əgər "ChatGPT" insan olsaydı, bu gün həbsdə olardı”, - deyib.
"OpenAI" şirkəti hadisəni “qəlb sındıran” adlandırıb və "ChatGPT"nin tibbi və psixi yardım əvəzi olmadığına diqqət çəkib. Şirkət həmçinin bildirib ki, müasir qoruyucu mexanizmlər gücləndirilib və tibbi mütəxəssislərlə razılaşdırılıb.
Qadir, Bizimyol.info






