Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəhman Quliyev: “İnsanlar artıq daha çox regionlara səyahət etməyə maraq göstərirlər”
Rəhman Quliyev: “İnsanlar artıq daha çox regionlara səyahət etməyə maraq göstərirlər”

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandakı hotellərdə gecələmə sayı 3.5% azalaraq 838.2 min olub.

Bizimyol.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yerli turistlər üzrə göstərici 10.1% azalsa da, əcnəbilər üzrə 1.8% artım qeydə alınıb.

Bakı hotellərdə gecələmələrin əsas mərkəzi olaraq qalır, lakin ümumi say 4% azalaraq 484.8 min olub. Bununla belə, xarici turistlər üzrə 3.6% artım müşahidə edilib.

Regionlar arasında ən böyük artım Gəncə (127.2% artım) və Xaçmaz rayonu (4.4 dəfə artım) üzrə qeydə alınıb. Naftalan kurort şəhərində də 27.9% artım olub, xüsusilə, əcnəbilərin sayı yüksəlib.

Quba rayonu üzrə ümumi artım 10.9% olsa da, xarici turistlər üzrə azalma müşahidə edilib. Ən ciddi geriləmə isə Qəbələ rayonu (38.7% azalma) və Şabran rayonu (75.2% azalma) üzrə qeydə alınıb.

Qusar rayonu xarici turistlər üçün hələ də cəlbedici bölgə olaraq qalır, lakin ümumi göstəricilərdə azalma var.

Bəs regionlarda turizm artımı və azalmalarının əsas səbəbləri nələrdir? Hazırda Azərbaycanda turizm və hotel gecələmələrinin ümumi vəziyyəti necədir?

Bu barədə Bizimyol.info xəbər portalına turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Qəbələ, Şahdağ, Qusar, Şəki və Naftalan kimi istiqamətlərdə daha çox turist axını olub: “Azərbaycanın regionlarında turizm artımı və azalması, əsasən, bir neçə mühüm amillə bağlıdır. İlk növbədə infrastruktur, nəqliyyat əlçatanlığı, hotellərin xidmət səviyyəsi və bölgələrin tanıtımı burada əsas rol oynayır. Yol infrastrukturu yaxşı olan, yeni hotellər və turizm obyektləri açılan regionlarda turist axını daha sürətli artır. Xüsusilə Qəbələ, Şahdağ, Qusar, Şəki və Naftalan kimi istiqamətlər son illərdə daha çox turist qəbul edən bölgələr sırasındadır.

Turizm axınının azalmasına səbəb olan əsas faktorlar sırasında isə mövsümilik, bəzi bölgələrdə əyləncə və həmçinin beynəlxalq turist bazarlarında rəqabətin artması göstərilə bilər. Bəzi regionlarda hotellərin qiymətlərinin mövsüm dövründə kəskin yüksəlməsi daxili turistlərin seçimlərinə də təsir edir”.

Rəhman Quliyev həmçinin vurğulayıb: “Hazırda Azərbaycanda turizm sektorunda ümumi canlanma müşahidə olunur. Pandemiyadan sonra həm xarici turist sayında, həm də hotel gecələmələrində artım qeydə alınır. Xüsusilə yay və qış mövsümlərində region hotellərində doluluq səviyyəsi yüksəlir. Beynəlxalq tədbirlərin, forumların və idman yarışlarının keçirilməsi də ölkəyə turist axınının artmasına müsbət təsir göstərir.

Bununla yanaşı, daxili turizmdə də aktivlik artır. İnsanlar artıq daha çox regionlara səyahət etməyə maraq göstərirlər. Aqroturizm, dağ turizmi, sağlamlıq və wellness turizmi kimi sahələrə maraq xüsusilə yüksəlməkdədir”.

Rəhman Quliyev əlavə edib: “Azərbaycan turizmi hazırda inkişaf mərhələsindədir və regionlarda xidmət keyfiyyətinin artırılması, qiymət balansının qorunması və beynəlxalq tanıtımın gücləndirilməsi turizmin daha da böyüməsinə şərait yaradır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »