Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan–Azərbaycan sərhədində “qarşılıqlı məqbul həll” mərhələsi
Ermənistan–Azərbaycan sərhədində “qarşılıqlı məqbul həll” mərhələsi

Ermənistan və Azərbaycan arasında delimitasiya prosesinin şimaldan cənuba doğru davam etdirilməsi barədə razılıq mövcuddur və bu istiqamətdə hüquqi baza formalaşıb. Paşinyana görə, 2024-cü ilin avqustunda imzalanan və oktyabrda ratifikasiya edilən sənədlərlə Almata Bəyannaməsi sərhədlərin müəyyən edilməsində əsas prinsip kimi qəbul olunub. O, prosesin qarşılıqlı məqbul həllər əsasında davam etdirildiyini bildirib.

  • Bu kontekstdə “qarşılıqlı məqbul həll” tərəflər arasında real kompromis yarada bilərmi?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, anklav məsələsi, sülh müqaviləsinin mətninə daxil edilmədən də həll oluna biləcək texniki və hüquqi bir istiqamət kimi qiymətləndirilə bilər. Çünki artıq delimitasiya və demarkasiya prosesi paralel şəkildə davam edir və bu çərçivədə konkret irəliləyişlər müşahidə olunur.

“Məlumdur ki, Ermənistan–Azərbaycan sərhədində aparılan işlər nəticəsində artıq dörd yaşayış məntəqəsinin Azərbaycana qaytarılması təmin edilib.

Növbəti mərhələdə digər ərazilərin də qaytarılması məsələsi gündəmdədir. Bu isə xüsusilə Ermənistanın daxilində yerləşən və ya onun dərinliklərinə doğru uzanan yaşayış məntəqələri ilə bağlı daha mürəkkəb hüquqi və siyasi müzakirələr tələb edir. Burada müəyyən hallarda “barter” və ya qarşılıqlı ərazi mübadiləsi kimi variantların da müzakirə predmeti ola biləcəyi istisna edilmir”-deyən politoloq bildirib ki, istər sülh müqaviləsindən əvvəl, istərsə də sonra bu məsələnin həll olunması ehtimalı ilə bağlı fərqli yanaşmalar mövcuddur.

Lakin proseslərin gedişi göstərir ki, bu istiqamətdə addımların sülh sazişinə qədər də atılması mümkündür. Çünki Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra referendum ehtimalı getdikcə daha real görünür və bu referendumda digər məsələlərlə yanaşı, sərhəd və ərazi məsələlərinin də gündəmə gətirilməsi istisna olunmur.

Politoloq bildirib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən hüquqi mexanizmlərin tətbiqi ehtimalı müzakirə oluna bilər. Azərbaycan qanunvericiliyinə əsasən, ərazi dəyişikliyi kimi məsələlər Konstitusiya çərçivəsində, əsasən referendum yolu ilə həll edilə bilən məsələlər sırasına daxildir.

“ Ümumilikdə, belə görünür ki, əgər proses sülh müqaviləsinə doğru inkişaf edərsə, onun daxilində bəzi həssas maddələrin məhz referendum mexanizmi ilə həlli gündəmə gələ bilər. Ermənistan tərəfi üçün də bu, mümkün hüquqi yol kimi nəzərdən keçirilə bilər. Təbii ki, bu asan proses deyil, lakin mexanizmlərin işlənib hazırlanması artıq birbaşa danışıqlar komissiyalarının üzərinə düşən məsuliyyətdir. Nəticə etibarilə, yekun həllin referendum və qarşılıqlı hüquqi prosedurlar çərçivəsində formalaşması ehtimalı mövcuddur”-deyə Samir Hümbətov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »