Avropa Komissiyası (AK) regional və sosial fondları idarə etmək üçün İnvestisiya üzrə Baş Direktorluq yaratmağı nəzərdən keçirir. Bu addım Komissiya sədri Ursula fon der Lyayenin Avropa Birliyinin idarəçiliyində təsirini gücləndirə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa nəşri "Politico" mənbələrə istinadla məlumat verib.
“Əgər siz strukturu sıfırdan yaradırsınızsa, onu öz təsəvvürünüz və nümunəniz üzrə formalaşdırırsınız,” – deyə AK-nın adının açıqlanmasını istəməyən əməkdaşı bildirib.
Qəzet yazır ki, yeni bölmənin yaradılması barədə müzakirələr Avropa Komissiyasının ən qədim qurumlarından biri olan Regional və Şəhər Siyasəti Baş Direktorluğunun (DG REGIO) ləğv edilməsi ehtimalı ilə bağlıdır. Bu, fon der Lyayen tərəfindən həyata keçirilən AB icraedici hakimiyyətinin restrukturizasiyasının növbəti mərhələsi ola bilər. DG REGIO büdcənin təxminən üçdə birini idarə edirdi və bu vəsaitlər daha kasıb ölkə və regionlara dəstək üçün istifadə olunurdu. Ənənəvi olaraq bu fondları AB ölkələrinin hökumətləri və regional hakimiyyətlər idarə edirdi. Lakin "Covid-19" pandemiyasından sonra vəziyyət dəyişib: milli bərpa planları birbaşa AK ilə razılaşdırılır.
Digər variant DG REGIO-nun Pandemiya sonrası bərpa fondlarını idarə edən və birbaşa fon der Lyayenə tabe olan İslahat və İnvestisiya Qrupu (SG REFORM) ilə birləşdirilməsi ola bilər. Bu söz-söhbətlər DG REGIO-da narahatlıq yaradır. Qurumun bir əməkdaşı vəziyyəti “soyuducuda müddəti keçmiş yumurta” ilə müqayisə edib. Onun sözlərinə görə, bir çox işçi artıq işdən çıxıb, amma hələ “panik qaçış” müşahidə olunmayıb.
Qadir, Bizimyol.info






