Cənubi Koreya hakimiyyəti Hörmüz Boğazında Koreya şirkətinə məxsus yük gəmisində baş verən partlayış və yanğınla bağlı kimisə günahlandırmağın tez olduğunu bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Xarici İşlər naziri Ço Hyon məlumat verib.
“Xüsusilə, hətta İrandaxili müxtəlif qüvvələr də zərbənin arxasında ola bilər. Bu, milis qüvvələr də ola bilər. Mən konkret olaraq bu variantı nəzərdən keçirdiyimizi demirəm, amma belə bir ehtimal mövcuddur,” — deyə nazir bildirib.
Nazir həmçinin vurğulayıb ki, hələlik partlayışda dronlardan istifadə olunub-olunmaması barədə dəqiq nəticə çıxarmaq tezdir. Agentlik bildirir ki, hətta hökumət dronların İran istehsalı olduğunu müəyyən etsə belə, İrana dəstək verən müxtəlif qruplaşmaların da həmin texnikanı istifadə etdiyini nəzərə alaraq, nəticə çıxarmağa tələsməyəcək.
10 may tarixində Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat verib ki, "Namu" gəmisində baş verən partlayış və yanğın “xarici təsir nəticəsində” olub. Lakin raket və ya dron olub-olmaması, kim tərəfindən atıldığı barədə məlumat verilməyib. Bu məsələlərdə qeyri-müəyyənlik ölkə daxilində hakimiyyəti tənqid obyektinə çevirib.
Əvvəl bildirildiyi kimi, Cənubi Koreya hakimiyyəti zərbə endirilən aparatın mühərrik qalıqlarını araşdırmağı planlaşdırır. Nəticələr açıqlanandan sonra İran səfiri nazirliyə dəvət olunub və ekspertlərin rəyindən məlumatlandırılıb.
Qeyd edək ki, 4 may tarixində "Namu" gəmisində, BƏƏ sahillərinə yaxın ərazidə, partlayış və yanğın baş verib. Gəmidə 24 nəfər olub, xəsarət alan olmayıb. Sonradan gəmi portlara çəkilərək yeddi nəfərdən ibarət Cənubi Koreya ekspert qrupu tərəfindən araşdırılıb. ABŞ prezidenti Donald Tramp iddia edib ki, gəmini İran vurub və Seulu Project Freedom — Hörmüz Boğazında ticarət gəmilərinin müşayiət missiyasına qoşulmağa çağırıb. İranın Seuldakı səfirliyi isə bildirib ki, ölkənin silahlı qüvvələri bu insidentdə iştirak etməyib.
Qadir, Bizimyol.info






