Səudiyyə Ərəbistanı Yaxın Şərqdə genişmiqyaslı müharibə fonunda İran ərazisinə bir sıra açıqlanmayan hava zərbələri endirib. Bu, Səudiyyə hərbçilərinin birbaşa İran torpaqlarına hücum etdiyi ilk məlum hadisədir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
İki qərb məmurunun sözlərinə görə, Səudiyyə Hərbi Hava Qüvvələrinin zərbələri mart ayının sonunda həyata keçirilib və bu, İranda krallıq ərazisinə edilən hücumlara cavab olaraq “üz-üzə” prinsipinə əsaslanıb.
Agentlik hücumların dəqiq hədəflərini təsdiqləyə bilməyib. Səudiyyə tərəfi əməliyyatı rəsmi olaraq təsdiqləməyib, İran Xarici İşlər Nazirliyi isə jurnalistlərin sorğularına cavab verməyib.
Məlumata görə, ABŞ və İsrailin 28 fevralda İrana qarşı hava zərbələri konflikti genişləndirib. Cavab olaraq, Tehran Körfəz Əməkdaşlıq Şurasının altı üzv dövlətini hədəf alıb.
İran yalnız ABŞ bazalarına deyil, həm də mülki infrastruktura, hava limanlarına və neft obyektlərinə zərbələr endirib. Eyni zamanda, Tehran Hömüz boğazını bağlayaraq qlobal ticarətə ciddi maneələr yaradıb.
Hücumlardan sonra Səudiyyə Ərəbistanı və İran arasında intensiv diplomatik kontaktlar baş tutub. İran və qərb məmurlarının bildirdiyinə görə, tərəflər qeyri-rəsmi şəkildə gərginliyin azaldılması barədə razılığa gəlib.
Bir İran məmuru bildirib ki, razılaşma “hərbi əməliyyatların dayandırılması, qarşılıqlı maraqların qorunması və gərginliyin daha da artmasının qarşısının alınması” məqsədi daşıyıb. Qeyri-rəsmi atəşkəs ABŞ və İranın 7 aprel tarixində daha genişmiqyaslı atəşkəs razılaşması əldə etməsindən təxminən bir həftə əvvəl qüvvəyə minib.
Hücumlar baş verəndən əvvəl Səudiyyə XİN-in rəhbəri, şahzadə Faysal bin Farxan bildirib ki, krallıq hərbi cavab hüququnu özündə saxlayır. Sonradan Ər-Riyad İran hərbi attaşesini və dörd diplomatı ölkədən çıxarıb.
Hesablamalara görə, 25-31 mart tarixlərində Səudiyyə Ərəbistanı 105-dən çox raket və dron hücumuna məruz qalıb. Aprelin əvvəllərində zərbələrin sayı əhəmiyyətli dərəcədə azalıb.
Rəsmi təsdiqlənməyən əməliyyatlar arasında Fars körfəzində Lavanda adasında yerləşən neft emalı zavoduna zərbə də qeyd olunur. Mənbələrin məlumatına görə, bu hücum aprelin əvvəllərində – mümkün atəşkəs elan edildiyi dövrdə həyata keçirilib.
Bizimyol.info






