Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa bildirib ki, Kyiv Gürcüstanla münasibətlərdə yeni mərhələyə başlamağa hazırdır və mövcud fikir ayrılıqlarına baxmayaraq konstruktiv əməkdaşlıq niyyətindədir.
Bizimyol.info xəbər verir ki, Sibiqa bu barədə Gürcüstanın "Euroscope" nəşrinə açıqlama verərkən deyib.
O bildirib ki, mayın 14–15-də Moldovanın paytaxtı Kişinyev şəhərində keçiriləcək Avropa Birliyinin Nazirlər Şurasının iclası çərçivəsində Gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşməyi planlaşdırır.
Ukrayna naziri vurğulayıb ki, mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Cəmiyyəti sammitində Ukrayna Prezidenti Vladimir Zelenski ilə Gürcüstan Baş Naziri İrakli Kobaxidzenin görüşü vacib hadisə olub.
“Biz bu konstruktiv dialoqa açığıq. Moldovada yaxın günlərdə Gürcüstanlı həmkarımla görüşəcəyəm. Bu addım ikitərəfli münasibətlərimizin diplomatik xəttini düzgün qurmaq üçün atılan önəmli addımdır”, – deyə Sibiqa qeyd edib.
Xatırladaq ki, İrəvanda Zelenski və Kobaxidzenin görüşü uzun müddət sonra Ukrayna və Gürcüstan liderləri arasında ilk şəxsi görüş olub. Bununla yanaşı, 2024-cü ildə Kobaxidze və Gürcüstan hakim partiyasının bir sıra üzvləri 10 illik müddətə Ukrayna sanksiyalarına məruz qalıblar.
Görüşdən sonra Gürcüstan Baş Naziri bildirib ki, çətinliklərə baxmayaraq, Ukrayna və Gürcüstan arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur və Tbilisi münasibətlərin normallaşdırılması üzərində işləməyə hazırdır.
Bizimyol.info






