6 may tarixində Jean-Noël Barrotun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik. “Dağlıq Qarabağ” ifadəsinin Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsinə münasibətdə işlədilməsi qəbuledilməzdir.
Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi proseslərdən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dövrdə Fransa tərəfinin suverenliyi sual altına alan və mədəni irslə bağlı iddiaları qətiyyətlə pislənir. Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində yüzlərlə mədəni və dini abidənin dağıdılması faktları görməzlikdən gəlinir. Bu kontekstdə Fransa tərəfinin YUNESKO missiyası ilə bağlı çağırışları da reallıqların təhrif edilməsi kimi qiymətləndirilir. Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının həyata keçirilməsinə çağırış etsə də, bu proses müxtəlif siyasi maneələr səbəbilə mümkün olmayıb.
- Fransa nazirinin bu cür açıqlamaları bölgədə dayanıqlı sülh prosesinə necə təsir göstərə bilər?
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransa hər zaman ermənipərəst siyasət yürüdüb. Ermənistanın 30 illik işğal siyasətini dəstəkləyərkən də, Azərbaycanın 2020-ci ildən bəri öz torpaqlarını işğaldan azad etməsindən sonra buna sərt şəkildə qarşı çıxarkən də, BMT TŞ-dən tutmuş Avropa və dünyanın bir çox təşkilatlarını ölkəmiz əleyhinə ayağa qaldırmağa çalışarkən də Fransanın məramı eyni idi: “Avropa Siyasi Birliyi çərçivəsində Prezident Makronun çıxışı, o cümlədən ardınca Senatda nazir Barrotun çıxışı Fransanın bu siyasətinə davam etdiyini və edəcəyini göstərir. Bu mənada Fransanın ikili standartlarına Azərbaycan artıq “öyrəşib”. Bu fonda revanşizmim gələcəkdə baş qaldırma ehtimalları daim diqqətdə saxlanmalı, Azərbaycanın Türk Dünyası ilə strateji bağları daha da gücləndirilməli, Türk Dünyasının öz “NATO”sunun yaradılması istiqamətində qəti addımlar atılmalıdır”.
Politoloq vurğulayıb ki, əslində cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsində məhz bu istiqamətdə - hərbi əməkdaşlıq üzrə çağırış etmişdi: " Bu ideya sönmüş ocağın közərən işığı deyil, dünyaya səs salacaq, addımları düşmənləri qorxudacaq əzəmətli bir “Turan Ordusu”nun yaradılması ideyasıdır. Fransa kimi dövlətlərin mənfur siyasəti məhz bu cür cavablandırılmalıdır".
İradə Cəlil, Bizimyol.info






