ABŞ administrasiyası İranın 20 il müddətinə uranın zənginləşdirilməsindən imtina etməsinə çalışır.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Tehranla danışıqlarda İranın uranı zənginləşdirməsinə 20 illik moratorium tətbiq olunmasını və İslam Respublikasının əlində olan bütün zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasını tələb edir.
Nəşr yazır ki, ABŞ tərəfi həmçinin İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinin sökülməsində, nüvə proqramı çərçivəsində yeraltı fəaliyyətlərin qadağan edilməsində və beynəlxalq yoxlamaların keçirilməsində israr edir.
Bundan əvvəl CNN telekanalı da mənbələrə istinadla bildirmişdi ki, Vaşinqton və Tehran İranın uranı 10 ildən artıq müddətə zənginləşdirməməsi variantını müzakirə edir.
Mayın 5-də "Axios" portalı ABŞ və İranın silahlı qarşıdurmanın başa çatdırılması ilə bağlı bir səhifəlik memorandumun imzalanmasına yaxın olduğunu iddia edib. Portalın məlumatına əsasən, ABŞ tərəfi münaqişənin dayandırılması ilə bağlı təkliflərə İranın 48 saat ərzində cavab verməsini gözləyir.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi isə bildirib ki, Tehran hələ də ABŞ-ın təkliflərini nəzərdən keçirir və cavab daha sonra Pakistan tərəfi vasitəsilə çatdırılacaq.
Qadir, Bizimyol.info






