Elə hadisələr, proseslər var, sadəcə, tarixdir. Elələri də olur, tarixə yön verir.
Azərbaycan nisbətən kiçik ölkədir. Hər halda ərazi və əhali baxımından Azərbaycandan çox böyük və böyük dövlətlər var. O çox böyük dövlətlərdən ikisi çox böyük müharibələr başladıblar. Necə başladıblarsa, hələ də bitirə bilmirlər; nə vuruşan kimi vuruşa bilirlər, nə barışa bilirlər. Əməlli-başlı pat vəziyyətidir, çıxılmazlıqdır, dalandır.
Azərbaycanla Ermənistan da 2020-ci ildə bir-biri ilə müharibə apardılar. Qalib qələn (Azərbaycan) qələbəsini bəyan etdi, məğlub tərəf (Ermənistan) məğlubiyyətini etiraf etdi. Sonra isə sülh danışıqları başlandı. Nəticə tarixi Vaşinqton razılaşmaları ilə yekunlaşdı.
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video formatındakı çıxışında da dediyi kimi, hazırda iki ölkə - Azərbaycan və Ermınistan 9 aydır, sülh şəraitində yaşayır.
Azərbaycan bu sammitin 2026-cı ildə Ermənistanda keçirilməsinə razılıq verib, Ermənistan da 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəklədi. Bunun özü, ölkə prezidentinin də dediyi kimi, iki qonşu ölkə arasında sülhün artıq qurulduğunu göstərir.
Vaxt var idi, bu ölkələr beynəlxalq platformalarda bir-birini bloklamaqdan ötrü əllərindən gələn hər şeyi edirdilər. Bu gün isə beynəlxalq sammitlərə ev sahibliyi məsələsində bir-birini dəstəkləyirlər. Bu, artıq sülhün, doğrudan da, əldə edilməsindən, oturuşmasından xəbər verir.
Şübhəsiz, bu siyasi "Tanqo" təktərəfli deyil; ancaq diplomatik "xoreoqrafik quruluş" tərəflərdən birinə - Azərbaycana məxsusdur.
Rəsmi Bakının sülh sazişi təşəbbüsü və saziş layihəsinin mətni üzərindəki müəlliflik hüququ xüsusi mübahisə doğurmur. İndi bu məsələlər arxa plana keçib. Ön planda olan başqa məsələlər var.
Azərbaycan və Ermənistan indi, sadəcə, dinc qonşuluq qurmaqla kifayətlənmək istəmirlər, qarşlıqlı iqtisadi tərəfdaşlıq da qururlar.
Prezident İlham Əliyev öz çıxışında bu məqamı xüsusi yer ayırmışdı.
O, çıxışında deyir: "Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib".
Dövlət başçısı eyni zamanda bağlantılar məsələsinə də toxundu və dedi ki, sülh sahəsində daha bir uğur bağlantılardır: ""Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək".
Burada diqqət çəkən məqam budur ki, prezident "Zəngəzur dəhlizi" ifadəsini işlətmədi. Təkcə ona görə yox ki, xüsusilə seçkilər ərəfəsində Ermənistandakı revanşist qüvvələr - "müharibə partiyası" bundan daxili siyasi mübarizədə istifadə etməyə çalışır. Həm də ona görə ki, bu, ABŞ prezidentinin iştirakı və şahidliyi ilə qəbul olunmuş qərar və imzalanmış razılaşmadır. Azərbaycan qədər Ermənistan üçün, ABŞ, Avropa İttifaqı üçün, eləcə də, başqa mühüm aktorlar üçün önəm və maraq daşıyır. Buna qarşı çıxan dairələr həmin qlobal güclərə meydan oxumuş sayılacaq və nəticələrinə də qatlaşmalı olacaq.
Bu bağlantı ilə bağlı qərar Azərbaycanın təşəbbüsü olsa da, razılaşma ABŞ-la Ermənistan arasında əldə olunub. Artıq Cənubi Qafqazdakı iki ölkənin öz arasında, regional müstəvidə olan məsələ halından çıxıb, beynəlxalq səviyyəli məsələyə çevrilub. Bu, Azərbaycanın da, elə indiki Ermənistan hökumətinin də ciddi diplomatik uğurudur.
Başqa nüanslar da var. Ancaq prezident İlham Əliyevin ASB zirvəsində çıxışında bu məsələ ilə bağlı, dediyim kimi, iki əsas mesaj var: birincisi, Azərbaycanla Ermənistan arasında sülh əldə olunub və bunun hüquqi rəsmiləşdirməsi də əsasən təmin edilib (sülh sazişi layihəsi paraflanıb - geridönməz mərhələyə çatıb). İkinci mesaj da odur ki, artıq sülhün real nəticələri də var - Ermənistanın enerji təhlükəsizliyində Azərbaycan da rol oynayır.
Ancaq bununla belə narahatlıq doğuran - prezidentin xüsusi vurğuladığı başqa məqamlar var.
Nədir bunlar?!
Azərbaycan və Ermənistan öz arasında sülhü əldə edir, əməkdaşlıq qurur, ancaq Avropada bəzi qurumlar, ayrı-ayrı siyasi fiqurlar bu sülhü və əməkdaşlığı pozmağa çalışır. Prezident öz çıxışında onların adlarını da çəkir: Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti.
Çıxışda da vurğulandığı kimi, Azərbaycan 2023-cü ilin sentyabrında öz suverenliyini bərpa edir - BMT-nin 30 il kağız üzərində qalmış qətnamələrini özü təkbaşına yerinə yetirir, buna görə AŞPA Azərbaycanı... cəzalandırır; 2024-cü ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin mandatını dondurur. Bu, bir paradoks. İkinci paradoksa gəlincə, hələ Ermənistanla Azərbaycan arasında keçmiş münaqişə dövründə, eləcə də, atəşkəs illərində - Azərbaycanın iqtisadi, siyasi-diplomatik, hərbi baxımdan güclənməsi fonunda Avropa strukturları, o cümlədən, Avropa Parlamenti dəfələrlə iki mövzuda çağırış etmişdi: 1) Azərbaycan və Ermənistan öz arasındakı münaqişəni sülh yolu ilə həll etsin; 2) Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya bərpa edilsin.
İşğal davam etdikcə, bunlar mümkün olmurdu; problemin həlli Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından keçirdi.
İndi bu maneə (işğal) aradan qalxıb (Azərbaycan özü aradan qaldırıb) və o biri iki məsələ də (sülh və əlaqələrin qurulması) artıq iki ölkə arasında həll olunub (hər halda ilkin və mühüm addımlar atılıb və nəticələri var). Belə olduğu halda AŞPA-nın və xüsusilə, AP-in bu cür mövqeyi, ən azı, qəribədir.
Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev də məlum çıxışında bu məqama diqqət ayırıb: "Bu qurum (Avropa Parlamenti -red.) sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi..."
Avropa Parlamentinin bu qətnamə oyunlarının "məntiqi"indən belə çıxır ki, öz ərazi bütövlüyünü və suverenliyini bərpa və müdafiə edən dövlət cəzalandırılır. Müstəqil siyasət aparanlar cəzalandırılır. Öz ölkəsində, öz bölgəsində, dünyada sülhə töhfə verənlər cəzalandırılır...
Bir sözlə, bu qurum Maqsud İbrahimbıyovun "Bütün yaxşılıqlara görə ölüm" əsərində təsvir olunan əyri, hətta tərs məntiqlə hərəkət edir.
Bu yerdə filosof Diogenin Makedoniyalı İsgəndərin: "Sizin üçün nə edə bilərəm?" sualına verdiyi mışhur cavab da yada düşür: "Günəşin qarçısından çəkilin, işıq düşsün".
Məlum Avropa qurumları bölgədə əvvəl münaqişənin həlli, sonra isə sülh və sabitlik üçün heç bir kömək etməyiblər (kömək edirmiş kimi görünsələr də, etmək istəməyiblər). İndi onların Azərbaycana (eləcə də, ən çox Ermənistana) ən böyük köməyi bu ola bilər ki, bu iki ölkə arasında sülhə və tərəfdaşlığa mane olmasınlar.
Bu qədər sadə!
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





