Prezident İlham Əliyevin İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində videobağlantı vasitəsilə səsləndirdiyi fikirlər rəsmi Bakının strateji xəttinin ardıcıl və dəyişməz olduğunu bir daha ortaya qoydu. Bu çıxış göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiq qalmaqla yanaşı, regionda formalaşan yeni reallıqların da əsas müəlliflərindən biridir. Prezidentin vurğuladığı məqamlar beynəlxalq hüquqa əsaslanan yanaşmanın alternativsiz olduğunu açıq şəkildə nümayiş etdirdi. Eyni zamanda, bu mesajlar Ermənistan və onun tərəfdarlarına ünvanlanmış aydın və prinsipial mövqe kimi dəyərləndirilir.
- Bakı bir daha göstərdi ki, sülh təşəbbüsləri yalnız bəyanatlarla deyil, real siyasi iradə ilə müşayiət olunmalıdır.
Milli Məclisin deputatı Tural Gəncəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa Parlamentinin sülh prosesini dəstəkləmək əvəzinə onu sabotaj etməsi və cənab Prezident İlham Əliyevin bununla bağlı bəyanatı həm ölkəmizin Avropa Parlamentinə tutarlı cavabıdır, həm də bu qurumun Cənubi Qafqazda, Ermənistan–Azərbaycan münasibətlərində nə qədər destruktiv rol oynadığının göstəricisidir:
“Cənab Prezidentin bildirdiyi kimi, 2020-ci ildən bəri Avropa Parlamentində ölkəmizə qarşı çoxlu qətnamələr qəbul edilib və bu sənədlərin hamısı obyektivlikdən uzaq, böhtan və ikili standartlarla doludur. Ümumiyyətlə, Avropa Parlamentinin belə destruktiv mövqeyi artıq neçə illərdir davam edir. Bu, onların illər boyu qərəzli çərçivədən və təfəkkür tərzindən çıxa bilmədiyini göstərir. Ancaq Azərbaycanın mövqeyi – həm cənab Prezidentin verdiyi bəyanat, həm də Milli Məclisin bir neçə gün öncə qəbul etdiyi müvafiq qərar – göstərir ki, biz Avropa Parlamentinin şıltaqcasına davranaraq 2020-ci ildən bəri Azərbaycana qarşı 14 qətnamə qəbul etməsini qəbul etmir və rədd edirik.
Biz Avropa Parlamentinin üzvü deyilik, Avropa İttifaqının üzvü deyilik. Avropa Parlamentinin bu sənədlərinin Azərbaycana qarşı heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə, onların nə siyasi, nə də iqtisadi baxımdan heç bir təsir gücü yoxdur. Avropa Parlamenti o gücdə deyil ki, Azərbaycanla diktə dili ilə danışsın”.
Deputat bildirib ki, əksinə, Avropa Parlamentinin bu qərəzli mövqeyinə baxmayaraq, Avropa Komissiyasının və Avropanın icraedici hakimiyyət strukturlarının nümayəndələri, xüsusilə də Avropa İttifaqının mühüm üzv ölkələri son zamanlar Azərbaycana səfərlər edirlər. Onlar Azərbaycanın önəmini başa düşür, ölkəmizin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş rolunu qiymətləndirirlər.
“Bu baxımdan, istər Çexiya, Latviya və digər Avropa liderlərinin Azərbaycana səfərləri, o cümlədən bəzi məlumatlara görə, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın da səfərinin gözlənilməsi bunu göstərir. Avropa Parlamenti ilə münasibətlərimizin korlanmasına baxmayaraq, Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığımız davam edəcək. Bu əməkdaşlıq daha çox Avropa və Aİ üzv ölkələrinə lazımdır. Onlar enerji təhlükəsizliyi, hərbi təhlükəsizlik, kommunikasiya və nəqliyyat xətlərinin inkişafı, eləcə də Azərbaycan vasitəsilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyaya çıxış baxımından ölkəmizin önəmini anlayırlar.
Azərbaycanla əməkdaşlıq etmək istəyənlər onun dəyərini bilir və bu əməkdaşlığı davam etdirir. Buna görə də, Avropa Parlamentinin daha çox populist və uğursuz siyasətçilərdən ibarət olduğunu nəzərə alaraq, onun pafoslu qərarlarını rədd edir və onları iqnor edirik”, – deyə Tural Gəncəliyev bildirib.
Deputat əlavə edib ki, Avropa Parlamentində öz ölkələrində nüfuz qazana bilməyən, uğursuzluğa uğramış siyasətçilər tez-tez namizədliyini irəli sürərək seçilirlər. Onun sözlərinə görə, onların Azərbaycana qarşı azərbaycanofob, eyni zamanda türkofob və islamofob mövqeyi bir daha sübut edir ki, Azərbaycan onların şıltaqlığı ilə oynamır və öz mövqeyini qəti şəkildə ortaya qoyur.
“Avronest də daxil olmaqla, Avropa–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətini dayandırmışıq. Bundan sonra onların heç bir tədbirində və toplantısında iştirak etməyəcəyik. Lakin Avropa İttifaqında, onun icra strukturlarında və Avropa Komissiyasında Azərbaycana dəyər verən, ölkəmizin qədrini bilən dövlətlərlə və institutlarla əməkdaşlığımız davam edəcək”.
İradə Cəlil, Bizimyol.info






