Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Almaniyadakı 5 min hərbçisini geri çəkməsi barədə açıqlamanı gözlənilən addım kimi qiymətləndirib və Vaşinqtonla ortaq maraqlara diqqət çəkib.
Bizimyol.info xəbər verir ki, bu barədə nazir DPA agentliyinə bildirib.
“Avropada və xüsusilə Almaniyada Amerika hərbçilərinin mövcudluğu həm bizim, həm də ABŞ-ın maraqlarına xidmət edir”, – deyə qeyd edib. Bununla belə, o, qərarın sürpriz olmadığını da vurğulayıb. Nazirə görə, ABŞ-ın Avropa və Almaniyadakı hərbi kontingentini azaltması “əvvəlcədən proqnozlaşdırıla bilən” idi.
Pistorius qeyd edib ki, Almaniyanın Ramştayn, Qrafenvör, Frankfurt və digər bazalarda ABŞ-la sıx əməkdaşlığı Avropada sülh və təhlükəsizlik, Ukraynaya dəstək və birgə çəkindirmə məqsədlərinə xidmət edir. Onun sözlərinə görə, ABŞ bu bazalardan Afrika və Yaxın Şərqdəki təhlükəsizlik siyasəti ilə bağlı digər hərbi funksiyalar üçün də istifadə edir.
Eyni zamanda Almaniya müdafiə naziri NATO-nun daha “Avropa yönümlü” olmalı olduğunu və bunun ittifaqın transatlantik xarakterini qorumaq üçün vacib sayıldığını bildirib. Onun sözlərinə görə, Avropa ölkələri öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət götürməlidir.
Pistorius Almaniyanın bu istiqamətdə doğru yolda olduğunu deyərək Bundesverin genişləndirildiyini, hərbi texnika alışlarının sürətləndirildiyini və infrastrukturun inkişaf etdirildiyini qeyd edib. O, həmçinin Almaniya, Böyük Britaniya, Fransa, Polşa və İtaliyanın daxil olduğu “beşlik qrup” çərçivəsində gələcək hərbi vəzifələrin koordinasiya ediləcəyini açıqlayıb.
Daha əvvəl ABŞ Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell Pentaqon rəhbəri Pit Heqsetin Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması barədə göstəriş verdiyini bildirib. Qərarın 6–12 ay ərzində icra olunması gözlənilir.
Bizimyol.info






