Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Avropanın diqqət mərkəzində: maraq niyə artır?
Azərbaycan Avropanın diqqət mərkəzində: maraq niyə artır?

Aprel ayında İlham Əliyev bir sıra Avropa liderlərini qəbul edib, mayın 5-də isə Corcia Meloninin səfəri gözlənilir və bu proses davamlı xarakter daşıyır. Bu intensiv diplomatik təmaslar Azərbaycanın Avropa üçün əhəmiyyətinin artdığını, artıq yalnız enerji tərəfdaşı kimi deyil, həm də siyasi və strateji platforma kimi qəbul olunduğunu göstərir. Azərbaycan qazının 16 ölkəyə, o cümlədən Avropa İttifaqına üzv 10 ölkəyə ixracı ölkənin etibarlı tərəfdaş imicini daha da gücləndirir.

  • Avropanın Azərbaycana bu artan marağı uzunmüddətli strateji ittifaqa çevrilə biləcəkmi?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasətinin vektorunda son dövrlər Avropa ilə əlaqələrin intensivləşməsi açıq şəkildə müşahidə olunur. Onun sözlərinə görə, artıq qısa müddət ərzində Avropanın beş ölkəsinin liderinin Azərbaycana səfəri baş tutub və bu səfərlər çərçivəsində müxtəlif sahələr üzrə müzakirələr aparılaraq əməkdaşlığın gələcək perspektivləri müəyyənləşdirilib. Bu ölkələrin əksəriyyəti ilə Azərbaycanın kifayət qədər yüksək səviyyəli münasibətləri mövcuddur.

“Həm Çexiya, həm Ukrayna prezidentlərinin görüşlərində, eləcə də digər liderlərlə keçirilən görüşlərdə nəqliyyat, logistika, enerji və digər sahələrlə yanaşı, xüsusilə Çexiya ilə Azərbaycan, həmçinin Ukrayna ilə Azərbaycan arasında təhlükəsizlik məsələləri, hərbi sənaye və müdafiə sənayesi sektorunda əməkdaşlığın gücləndirilməsi vacib istiqamət kimi nəzərdən keçirilir. Bundan başqa, İtaliya baş nazirinin Azərbaycana gözlənilən səfərinin də eyni ruhda davam edəcəyi ehtimal olunur. İtaliya Azərbaycanın Avropada mühüm strateji tərəfdaşlarından biridir və tərəflər arasında ciddi əməkdaşlıq formatları mövcuddur. Bu istiqamətlərdən biri də müdafiə sənayesidir. Azərbaycan İtaliyanın “Leonardo” şirkəti ilə əməkdaşlıq edir və həmin şirkətin istehsal etdiyi təyyarələrin müştərilərindən hesab olunur”, – deyə politoloq bildirib.

Politoloqun fikrincə, Avropa ölkələrinin Azərbaycana artan marağı bir neçə əsas amillə bağlıdır. Birincisi, Azərbaycan Avropanın etibarlı enerji təminatçısı və tərəfdaşı rolunda çıxış edir. İkincisi, Azərbaycanın həm şimalında, həm də cənubunda münaqişələrin getdiyi bir dövrdə Cənubi Qafqaz sabitlik adası kimi diqqət çəkir. Xüsusilə ABŞ–İran qarşıdurması fonunda enerji bazarında qiymətlərin kəskin bahalaşması, eləcə də daşınmalarla bağlı problemlər Azərbaycanın əhəmiyyətini artırır, eyni zamanda Orta dəhlizin rolunu gücləndirir. Belə ki, Rusiya–Ukrayna müharibəsi başladıqdan sonra Orta dəhliz üzrə daşınmaların həcmində ciddi artım müşahidə olunur. Bu baxımdan Azərbaycanın Avropa ilə əməkdaşlığının gələcəkdə qarşılıqlı maraqlara hörmət əsasında daha da dərinləşəcəyi gözlənilir. Çünki bu, hər iki tərəfin marağındadır.

Politoloq qeyd edib ki, münasibətlərin inkişafı baxımından nəzərə alsaq, Azərbaycan Avropanın ondan artıq ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və bu istiqamətdə əlaqələrin daha da dərinləşəcəyi şübhə doğurmur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »