Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin bir əməkdaşının akkreditasiyasını ləğv edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Qurum qeyd edib ki, Londonun bu addımı Moskvanın ötən ay Britaniya diplomatını ölkədən çıxarmaq qərarına cavabdır. Həmin diplomatla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən kəşfiyyat fəaliyyəti əlamətləri aşkar edildiyi iddia olunmuşdu. “Bununla əlaqədar biz Rusiyanın səfiri Andrey Kelini çağıraraq ona qarşılıq tədbiri – rusiyalı diplomatın akkreditasiyadan məhrum edilməsi barədə məlumat verdik”, – deyə Britaniya Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik həmçinin vurğulayıb ki, Rusiyanın bundan sonrakı hər hansı addımı eskalasiya kimi qiymətləndiriləcək və buna uyğun cavab veriləcək.
Hazırda Rusiya səfirliyinin mövqeyi ilə bağlı operativ açıqlama yoxdur.
Bizimyol.info






