ABŞ Maliyyə Nazirliyi İrandan neft alışına görə Çinin "Hengli Petrochemical" (Dalian) neft emalı zavoduna qarşı sanksiyalar tətbiq edib.
Bizimyol.info xəbər verir ki, bu barədə nazirlik aprelin 24-də məlumat yayıb.
Nazirliyin nəzdində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bildirib ki, sözügedən müəssisə Vaşinqtonun qiymətləndirməsinə görə İran neftinin ən böyük alıcılarından biridir. Qeyd olunub ki, “çayniklər” kimi tanınan müstəqil Çin neft emalı zavodları İran xam neftinin böyük hissəsini alaraq Tehran üçün mühüm gəlir mənbəyi rolunu oynayır.
Bundan əlavə, sanksiyalar İranın neft və neft-kimya məhsullarının daşınmasında istifadə olunan “kölgə donanması”na daxil olan təxminən 40 gəmi və gəmiçilik şirkətini də əhatə edir. ABŞ hakimiyyəti hesab edir ki, bu tədarüklər Tehrana maliyyə dəstəyi verir.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, bu tədbirlər “İqtisadi Qəzəb” əməliyyatı çərçivəsində həyata keçirilir və İranın Yaxın Şərqdəki fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə etdiyi gəlirləri azaltmağa yönəlib.
ABŞ maliyyə naziri Skott Bessent vurğulayıb ki, bu əməliyyat İran rejiminə maliyyə təzyiqi göstərərək onun regiondakı aqressiyasını cilovlamağa və nüvə ambisiyalarını məhdudlaşdırmağa xidmət edir. Onun sözlərinə görə, prezident Donald Trampın göstərişi ilə nazirlik İranın neftini dünya bazarlarına çıxarmaq üçün istifadə etdiyi gəmi, vasitəçi və alıcı şəbəkəsini daraltmaqda davam edəcək. Bu prosesdə iştirak edən istənilən şəxs və ya gəmi ABŞ sanksiyaları ilə üzləşə bilər.
Bundan əvvəl BMT xəbərdarlıq edib ki, İrandakı münaqişə yeni ərzaq böhranına səbəb ola biləcəyi üçün qlobal ərzaq təhlükəsizliyi son illərin ən riskli vəziyyətinə düşüb.
Bizimyol.info






