ABŞ İrana qarşı hərbi əməliyyatları yenidən başlatmamalıdır, çünki bu, nəzarətdən çıxan eskalasiyaya və nəticədə dünya müharibəsinə gətirib çıxara bilər.
Bizimyol.info xəbər verir ki, bu fikri amerikalı iqtisadçı, Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Jeffrey Saks səsləndirib.
“Bombardmanların və hərbi əməliyyatların yenidən başlamasından qaçmalıyıq. Bunun qarşısını almaq üçün real imkan var. Digər ssenari isə nəzarətsiz eskalasiyadır ki, bu da əvvəlcə genişmiqyaslı müharibəyə, daha sonra regional münaqişəyə və nəticədə dünya müharibəsinə çevrilə bilər”, - deyə o, amerikalı jurnalist Tucker Karlsona müsahibəsində bildirib.
Ekspert vurğulayıb ki, İran ərazisinə zərbələrin yenidən endiriləcəyi təqdirdə Tehran “çox qətiyyətli və çox sürətli” cavab verəcək. Onun sözlərinə görə, fevralın 28-dən başlayan münaqişə göstərib ki, bütün Fars körfəzi regionu və İsrail İranın raket zərbələri qarşısında həssasdır.
Saks əlavə edib ki, hava hücumundan müdafiə sistemləri də zəif, məhdud və hətta tükənmək üzrədir. O qeyd edib ki, Fars körfəzi regionunda yerləşən duzsuzlaşdırma qurğuları, neft və qaz yataqları, eləcə də limanlar İranın mümkün hücumlarından tam qorunmur. Ekspertin fikrincə, İran ABŞ prezidenti Donald Trumpın ölkəni məhv etməklə bağlı təhdidlərinə cavab verməkdə tərəddüd etməyəcək.
Qadir, Bizimyol.info






