Son günlər ölkədə ard-arda məktəblərdə baş verən zorakılıq və özünə xəsarət halları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bir neçə gün öncə Ağstafada 14 yaşlı şagirdin yaşıdı tərəfindən bıçaqlanması, dünən isə Bakıda 7-ci sinif şagirdi özünə kəsici alətlə xəsarət yetirib. Yeniyetmələri bu cür təhlükələrə sürükləyən nədir? Bəlkə məktəblərdə psixoloji dəstəyi gücləndirmək lazımdır. Yeniyetmələri bu cür təhlükələrə sürükləyən nədir?
- Məktəblərdə psixoloji dəstəyin gücləndirilməsi, valideyn–məktəb əməkdaşlığının artırılmasımı, yoxsa məktəb mühitində boşluqlardır səbəb?
Təhsil eksperti, publisist Şəmsi Qoca Bizimyol.info xəbər portalına bildirib ki, məktəblərdə psixoloji xidmət tamamilə formal xarakter daşıyır: “Yeniyetmələri bu cür təhlükəli addımlara sürükləyən ən birinci səbəb məktəb mühitində kök salmış bulinq, yəni həmyaşıd zorbalığıdır. Lakin bu zorbalığın qarşısını almalı olan mexanizmlər tamamilə sıradan çıxıb. Elm və Təhsil Nazirliyinin (ETN) yarıtmaz fəaliyyəti və təhsilə rəhbərlik edənlərin qeyri-pedaqoq olması məsələnin kökündə dayanan ən ciddi faktordur. Pedaqogika elminə, uşaq psixologiyasının incəliklərinə bələd olmayan idarəçilər məktəbi canlı bir orqanizm kimi deyil, quru rəqəmlər və statistik hesabatlar toplusu kimi görürlər. Bu yanaşmanın nəticəsidir ki, məktəblərdə psixoloji xidmət tamamilə formal xarakter daşıyır. Psixoloqlar şagirdin daxili dünyasına nüfuz etmək, onun gizli qalan ağrılarını duymaq əvəzinə, vaxtlarını boş kağızları doldurmaqla və "yuxarı" üçün cəlbedici hesabatlar hazırlamaqla keçirirlər”.
Şəmsi Qoca qeyd edib ki, məktəb rəhbərliyi və müəllim heyəti bu gün sanki iki od arasında qalıb: “Bir tərəfdən nazirliyin quru tələbləri, digər tərəfdən isə hər cür etik normanı aşan, intizamsızlıq edən və zorbalığa meylli şagirdlər qarşısında aciz qalan pedaqoqlar ordusu var. Müəllim nüfuzu elə bir həddə endirilib ki, o, artıq intizamsız şagirdə "gözün üstə qaşın var" deyə bilmir. Müəllimin əlindən tərbiyəedici mexanizmlər və mənəvi rıçaqlar alındıqda, məktəb mühiti özbaşınalığın hökm sürdüyü bir məkana çevrilir. Şagird cəzasız qalacağını, müəllimin ona söz deməyə cürət etməyəcəyini bildiyi an, bıçaqlanma da, özünə xəsarət də qaçılmaz olur”.
Şəmsi Qoca həmçinin vurğulayıb: “Valideyn və məktəb əməkdaşlığının olmaması bu böhranı daha da dərinləşdirir: “Valideynlər övladının yalnız qiymətləri ilə maraqlanır, məktəb isə tərbiyə işini ailənin üzərinə yıxır. Bu məsuliyyət bölgüsündə yaranan boşluqda uşaqlar nəzarətsiz qalır, enerjilərini idmana və ya sənətə yönəldə bilmədikləri üçün dağıdıcı yollara sapırlar. Təhsil idarəçiliyi peşəkar pedaqoqların əlindən alınıb "menecer" soyuqluğuna təslim edildiyi müddətcə, məktəb şagird üçün mənəvi sığınacaq olmaq funksiyasını itirəcək. Bu faciələrin qarşısını almaq üçün müəllimin nüfuzu bərpa olunmalı, psixoloq kağız üzərindəki işdən ayrılıb uşağın yanına qayıtmalı və təhsilin mənəviyyatı qeyri-pedaqoji yanaşmalardan xilas edilməlidir”.
Günel Həsənova, Bizimyol.info






