ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Azərbaycan və Ermənistan cəmi 6 həftə ərzində sülh razılaşmasına gəliblər və tərəflər arasında münasibətlər müsbət istiqamətdə dəyişib. Onun sözlərinə görə, 37 il davam edən münaqişədən sonra iki ölkə indi daha yaxın münasibətlər qurur və bu prosesdə Donald Trampın vasitəçiliyi mühüm rol oynayıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ prezidentinin iştirakı ilə sülh sazişinin mətnini paraflayıblar. Bu proses regionda uzunmüddətli sülhün təmin olunması baxımından nə dərəcədə real nəticə verə bilər?
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu sülhün əldə edilməsi və qorunub saxlanılması üçün, təbii ki, tərəflər arasında etimad mühitinin formalaşması vacibdir: “Bu gün Nikol Paşinyan Ermənistanda hakimiyyətdədir və əgər seçkilərdə qalib gələrsə, bu siyasəti davam etdirəcək. Bu halda tərəflər hətta sülh müqaviləsini də imzalaya bilərlər. Təbii ki, bəzi şərtlər var — onlardan biri Konstitusiyanın dəyişdirilməsi kimi məsələlərdir və bu, Ermənistan tərəfindən həyata keçirilə bilər.
Amma əgər Paşinyan deyil, Qarabağ klanına və ya indiki müxalifətdən hər hansı bir şəxs hakimiyyətə gələrsə, sülhdən danışmaq bir qədər riskli ola bilər. Bu gün sülhün qarşısında duran əsas maneə və onun davamlılığı üçün risk məhz Ermənistandakı siyasi vəziyyətdir. Azərbaycanın mövqeyi artıq bəllidir və münasibətlər sistemi yeni mərhələyə keçib. Lakin eyni şeyi Ermənistan üçün demək hələ tezdir. Paşinyanın seçkidə qalib gəlib-gəlməyəcəyi də tam aydın deyil.
O biri tərəfdən, seçkidən sonra reaksiyaların necə olacağı və Ermənistana marağı olan dövlətlərin mövqeyi də qeyri-müəyyəndir. Bu risklər qalmaqdadır. Məsələn, Robert Koçaryanın açıqlamalarından belə görünür ki, o, bu sülhü istəmir və əksinə, revanşist yanaşma sərgiləyir. Təkcə o deyil, bu düşüncənin digər siyasi dairələrdə də mövcud olduğu hiss olunur. Hətta Samvel Karapetyan kimi fiqurların da bu istiqamətdə düşündüyü görünür”.
Politoloq hesab edir ki, sülhün uzunmüddətli və davamlı olması üçün ilk növbədə Ermənistanda siyasi mühit sabitləşməli, ultra-millətçi və revanşist düşüncələr aradan qaldırılmalıdır. Ermənistan cəmiyyəti anlamalıdır ki, düşmənçilik siyasəti ölkənin özü üçün yaxşı nəticələr vəd etmir. Sülhə real inam formalaşmalıdır.
Samir Hümbətov qeyd edib ki, Azərbaycan tərəfi isə artıq öz mövqeyini müəyyən edib. Qarabağ zəfərindən sonra bu məsələ Azərbaycan üçün fərqli kontekstdədir: “Belə bir yanaşma var ki, qaliblər diktə edən tərəf olur. Bu baxımdan, əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Atılacaq addımlar, qarşıdan gələn seçkilər və onların nəticəsi sülhün taleyinə ciddi təsir göstərəcək”, – deyə politoloq vurğulayıb ki, eyni zamanda ABŞ və başqa güc mərkəzlərinin regiona münasibəti də məhz bu proseslərdən sonra daha aydın şəkildə formalaşa bilər.
İradə Cəlil, Bizimyol.info






