Düz 30 il əvvəl – 10 aprel 1996-cı ildə yaşadığı evdən çıxıb geri qayıtmayan Bayramov Gülməmməd Xanəhməd oğlunun qətlə yetirilməsilə bağlı cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə təqsirləndirilən iki nəfər – Şahin Cəlilov və Hidayət Qafarov həbs olunub. Onlar Gülməmməd Bayramova qarşı tamah niyyətilə öldürməkdə ittiham olunurlar.
Araşdırmalarla müəyyən olunub ki, Şahin Cəlilov və Hidayət Qafarov 10 aprel 1996-cı ildə “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıb. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədilə öldürüblər.
Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər. Zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər.
Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.
30 il sonra – aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlara 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər ikisinin barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Aytən, Bizimyol.info






