Yunanıstanın baş naziri Kyriakos Mitsotakis enerji böhranının və yanacaq qiymətlərinin artımının təsirlərini azaltmaq məqsədilə 500 milyon avro həcmində geniş sosial dəstək paketinin həyata keçirildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, hökumətin məlumatına görə, bütün tədbirlər son illərin iqtisadi siyasəti nəticəsində formalaşmış büdcə profisiti hesabına maliyyələşdiriləcək.
Paket çərçivəsində dizel yanacağına subsidiya may ayınadək uzadılır. Eyni zamanda gübrə alışına dəstək proqramı avqusta qədər davam etdiriləcək və onun həcmi gübrə dəyərinin 15%-i səviyyəsində qalacaq. Bu tədbirin təxminən 250 min fermer təsərrüfatını əhatə edəcəyi bildirilir.
Bundan əlavə, uşaqlı ailələrə hər uşaq üçün 150 avro məbləğində birdəfəlik ödəniş nəzərdə tutulur. Həmçinin sığorta stajı olmayan yaşlı şəxslər və əlilliyi olan vətəndaşlar üçün sosial ödənişlər artırılır.
Baş nazir vurğulayıb ki, bu tədbirlər geniş əhali təbəqələrini əhatə edir və ölkənin büdcə sabitliyinə təsir göstərməyəcək.
Onun sözlərinə görə, büdcə profisiti qeyri-səmərəli xərclərin azaldılması, vergidən yayınma ilə mübarizə və iqtisadi artımın təşviqi siyasəti nəticəsində əldə olunub.
Bizimyol.info






