Rusiyada sosial şəbəkələrdə “666” rəqəminin paylaşılmasının bəzi hallarda “satanizmin təbliği” kimi qiymətləndirilməsi ilə bağlı yayılan məlumatlar diqqət çəkir. Bildirilir ki, məhkəmə qərarlarında bu cür simvollar – o cümlədən pentaqram, Bafomet təsviri və “666” rəqəmi – müəyyən hallarda ekstremist rəmzlər kimi qəbul oluna bilər və buna görə inzibati cərimə və həbs cəzaları tətbiq edilir.
- Bəs Azərbaycanda vəziyyət necədir?
Mövzu ilə bağlı Bizimyol.info portalına danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ölkəmizdə belə məsələləri tənzimləyən konkret hüquqi norma yoxdur.
Ekspertin sözlərinə görə, Azərbaycanda hələ falçılıq kimi açıq şəkildə müşahidə olunan halların belə tam hüquqi qiyməti verilməyib və bu sahədə boşluqlar qalmaqdadır.
“Bizdə hələ falçıların fəaliyyəti ilə bağlı məsələlər hüquqi çərçivədə tam həll olunmayıb. Bu baxımdan, bu tip simvollarla bağlı ayrıca qanunvericilik təşəbbüsündən danışmaq tezdir. Əgər belə bir məsələ gündəmə gələrsə, ictimaiyyətin, hüquqşünasların və din xadimlərinin mövqeyi nəzərə alınmalıdır”, – deyə hüquqşünas vurğulayıb.
Onu deyək ki, Azərbaycan cəmiyyəti dini və mədəni baxımdan müxtəlifdir. Ölkədə fərqli dinlərə mənsub insanlar yaşayır, eyni zamanda mövhumata və mistik inanclara meyil göstərən sosial qruplar da var. Bu isə belə mövzulara yanaşmada yalnız hüquqi deyil, həm də ictimai və maarifləndirici aspektlərin nəzərə alınmasını zəruri edir.
Ekspertlər hesab edir ki, bu kimi hallarda əsas məsələ söz azadlığı ilə ictimai təhlükəsizlik arasında balansın qorunmasıdır. Azərbaycanda mövcud qanunvericilik daha çox dini ekstremizm və nifrət çağırışlarının qarşısının alınmasına yönəlib, simvolik paylaşımlar isə konkret kontekstdən asılı olaraq qiymətləndirilir.
İradə Cəlil, Bizimyol.info






