İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampı Tehran və Vaşinqton arasındakı razılaşmalar barədə yanlış məlumatlar yaymaqda ittiham edib.
Bizimyol.info xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Bir saat ərzində ABŞ prezidenti yeddi açıqlama verdi və onların hamısı yalandır. Bu yalanlarla onlar müharibədə qalib gəlmədilər və müzakirələrdə mütləq uğur qazanmayacaqlar. ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadası davam edərsə, Hörmüz boğazında hərəkət sərbəst olmayacaq”, - deyə o qeyd edib.
Parlamentinin sədrinin sözlərinə görə, Hörmüz boğazından dəniz nəqliyyatının keçidi Tehranla razılaşdırılmış müəyyən marşrut üzrə həyata keçiriləcək. Qalibaf Trampın konkret hansı açıqlamalarını nəzərdə tutduğunu açıqlamayıb.
ABŞ prezidenti 17 aprel tarixində bir neçə açıqlama verib. O, iddia edib ki, ABŞ və İran nümayəndələri birlikdə İrandan zənginləşdirilmiş uranın çıxarılması işini həyata keçirəcəklər, Tehran isə amerikalı tərəfdən heç bir dondurulmuş aktiv almadan nüvə proqramını müddətsiz dayandırmağa hazırdır. Həmçinin Tramp bildirib ki, mümkün razılaşmanın şərtlərinin böyük hissəsi artıq razılaşdırılıb.
Bizimyol.info






