Aprelin 17-də günorta saat 12.00 radələrində Bakıda dəhşətli ailə faciəsi baş verib. 58 yaşlı kişi keçmiş həyat yoldaşını qətlə yetirib, evi və həyətdəki maşını yandırıb, ardınca da özünü özünü öldürüb.
Bizimyol.info xəbər verir ki, hadisə Binəqədi rayonu, Baksol yolu adlanan ərazidəki evlərdən birində baş verib. Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) bu barədə yaydığı məlumata görə, evdəki yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.
Bununla belə, yanğın nəticəsində hadisəni törədən Rafət Həsənova məxsus ümumi sahəsi 90 kvadrat metr 4 otaqlı evin dam örtüyü, 2 otağının yanar konstruksiyaları, talvar və evin həyətində park edilmiş “BMW” markalı avtomobil, yaxınlıqda yerləşən və 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus 80 kvadrat metrlik 4 otaqlı evin dam örtüyü, 3 otağının yanar konstruksiyaları yanıb.
Həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.
“İlkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması, daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib”, - rəsmi açıqlamada bildirilir.
Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Aytən, Bizimyol.info






