Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Toponimlər milli kimliyin güzgüsüdür" – Milli Məclisin deputatı Musa Urud Qırğızıstan nümunəsini şərh etdi
"Toponimlər milli kimliyin güzgüsüdür" – Milli Məclisin deputatı Musa Urud Qırğızıstan nümunəsini şərh etdi

Qırğızıstan hakimiyyəti 2027-ci ilin sonunadək ölkədə rus dilində qalan kənd adlarını dəyişdirməyi planlaşdırır. Prezident Sadır Japarov bu barədə Oş vilayətinin Alay rayonunda sakinlərlə görüşündə məlumat verib və prosesin tezliklə başa çatdırılacağını bildirib. Prezident, həmçinin yaşayış məntəqələrinə tarixi şəxsiyyətlərin adlarının verilməsinə qarşı olduğunu vurğulayıb. 2021-ci ildən bəri ölkədə 15-dən çox yaşayış məntəqəsinin adı artıq dəyişdirilib.

  • Azərbaycanda rusdilində qalan kənd və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi gündəmə gələ bilərmi?

Milli Məclisin deputatı Musa Urud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, toponimlər hər bir xalqın və hər bir müstəqil dövlətin özünəməxsusluğunu ifadə edən əsas atributlardan biridir: “Toponimlərlə münasibətdə həm ehtiyatlı davranmaq, həm də bu münasibətləri reallığa uyğunlaşdırmaq, günün zərurətindən və tələblərini nəzərə almaq lazımdır. Bu prosesdə nə ləngimək, nə də vaxtından əvvəl irəli getmək fayda verir: “Bu mənada Qırğızıstan prezidenti Sadır Japarovun addımlarını mən dəstəkləyirəm.

Uzun illərdir ki, Azərbaycan–Qırğızıstan parlamentlərarası əlaqələr rəhbəri kimi Qırğızıstanla sıx əlaqələrim var və oradakı prosesləri də yaxından izləyirəm. Hesab edirəm ki, Sadır Japarovun qərarı vaxtında atılmış bir addımdır. Qırğızıstan da öz müstəqilliyinin daha da möhkəmləndirilməsi və bu müstəqilliyin milli şüurda daha güclü şəkildə oturması üçün toponimlərlə bağlı uğurlu addımlar atır”.

Musa Urud qeyd edib ki, milli toponimlərin kəndlərə, şəhərlərə, qəsəbələrə və digər coğrafi ərazilərə verilməsi olduqca vacibdir. Deputat vurğulayıb ki, bu proses müstəqilliyimizin ilk illərindən başlayıb və kifayət qədər uğurla, səbirlə, eyni zamanda elmi əsaslara və tarixi həqiqətlərə söykənərək həyata keçirilib: “Əgər 90-cı illərin əvvəllərində ölkəmizdə yüzlərlə sovet, bolşevik, kommunist və beynəlmiləlçi ideologiyaya xidmət edən toponimlər, oronimlər və hidronimlər mövcud idisə, onların böyük əksəriyyəti dəyişdirilib, bir qismi tarixi adlarına qaytarılıb, bir qismi isə yeni adlarla əvəz olunub.

Əlbəttə, toponimlərlə işləyərkən olduqca ehtiyatlı olmaq lazımdır. Bu, həm də tarix qarşısında məsuliyyət hissidir. Buna görə də burada siyasi qərarlardan daha çox zərurət, reallıq və tarixi həqiqət ön plana çıxmalıdır. Azərbaycanda toponimlərlə bağlı qanunvericilikdə bu məsələ öz həllini tapıb.

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunvericilikdə və “Toponim komissiyası haqqında” Milli Məclisin Əsasnaməsində bu prosedurlar müəyyən edilib. Belə ki, toponimlərin dəyişdirilməsi yerli icmaların təşəbbüsü ilə baş verməlidir.

Tutaq ki, hər hansı kəndin adının dəyişdirilməsi və ya yeni ad verilməsi, yaxud yeni salınan qəsəbəyə ad qoyulması orada yaşayan əhalinin təşəbbüsü və iclas qərarı ilə rayon icra hakimiyyətinə göndərilir. Oradan isə müvafiq qaydada Prezident Administrasiyasına təqdim olunur. Daha sonra məsələ baxılmaq üçün Toponim Komissiyasına yönləndirilir və komissiyanın rəyindən sonra Milli Məclisin müvafiq komitəsində baxılaraq plenar iclasa çıxarılır. Bu mərhələlərin çoxsaylı olması toponimlərlə bağlı tələsik və səhv qərarların qarşısını almağa xidmət edir”.

Musa Urud bildirib ki, bu gün ölkədə toponimlərlə bağlı ciddi problemlər yoxdur və vaxtaşırı bu məsələlərə baxılır, zərurət olduqda dəyişikliklər edilir: “Son böyük dəyişikliklər Qarabağın işğaldan azad olunması ilə bağlıdır. “Dağlıq Qarabağ” adlandırılan ərazidə Sovet dövründə bir çox toponimlərimiz erməniləşdirilmişdi. Eyni proses işğal dövründə də davam etmişdi. Həmin toponimlərin böyük hissəsi öz tarixi adlarına qaytarıldı. Hazırda da belə hallar mövcuddur ki, bəzi yaşayış məntəqələri birləşdirilir, yeniləri yaradılır və ya mövcud adların dəyişdirilməsi təklif olunur. Əgər bu təşəbbüs yerli icmalar tərəfindən irəli sürülürsə, məsələ Toponim Komissiyasında baxılır, rəy verilir və həmin rəyə əsasən qərar qəbul olunur və ya mövcud vəziyyət saxlanılır.

Toponimlərin dəyişdirilməsi və ya yeni adların verilməsi hansısa millətə aidlik prinsipi ilə deyil, günün reallıqlarına uyğun şəkildə həyata keçirilməlidir. Bu gün Azərbaycanda bu ərazilərdə kimlər yaşayırsa, qərarlar da onların istəkləri nəzərə alınmaqla qəbul edilir. Əlbəttə ki, bütün toponimlər tarixi həqiqətə, elmə və dövlətçilik prinsiplərinə söykənməlidir. Bu məsələlər Toponim Komissiyası tərəfindən daim diqqətdə saxlanılır”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »