ABŞ Prezidenti Donald Trump bildirib ki, ölkəsi istəsə, İranı çox qısa müddətdə, hətta bir günə məhv edə biləcək hərbi gücə malikdir. O, "Fox News" telekanalına müsahibəsində ABŞ-nin hərbi baxımdan İrana qarşı böyük üstünlüyə sahib olduğunu vurğulayıb. Bununla yanaşı, Tramp belə bir addımın atılmasının məqsədəuyğun olmadığını qeyd edib.
O əlavə edib ki, bu cür radikal qərarlar regionda daha geniş münaqişəyə səbəb ola və ciddi humanitar nəticələr doğura bilər.
Trampın bu iddiaları nə dərəcədə düzgündür?
Politoloq İlqar Vəlizadə bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları İrandan daha güclü və daha qüdrətli ölkədir.
O deyib: “Yəqin ki, bunu iranlılar da dərk edir və başa düşür. Yəni hərbi potensial, iqtisadi imkanlar və hərbi infrastruktur baxımından ABŞ İrandan üstündür. Hətta regionda, xüsusilə, Yaxın Şərqdə hərbi infrastruktur baxımından bu üstünlük açıq şəkildə görünür. Baş verən hadisələr də bunu göstərir – bombaların hərbi hədəflərə çatması və əməliyyatların həyata keçirilməsi ABŞ və İsrail tərəfindən açıq şəkildə müşahidə olunur.
Lakin müasir dövrdə hərbi üstünlüyün olması o demək deyil ki, bir ölkə o birinə mütləq qalib gələcək. Biz Trampın xarakterinə də bələdik. Onun çıxışlarında da bu açıq görünür – hansı məqsədlərlə danışdığı və çıxışlarını hansı auditoriyaya hesabladığı aydın sezilir. Hesab edirəm ki, onun əsas çağırışları daha çox daxili auditoriyaya yönəlib, xüsusilə də, ABŞ daxilində.
Hazırda İrana qarşı aparılan kampaniyaya etiraz edənlərin, siyasi qrupların sayı artır və onlar narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Hətta Respublikaçılar arasında da fərqli mövqelər formalaşır. Məsələn, “Fox News”un tanınmış aparıcı jurnalistlərindən biri, vaxtilə Trampın yaxın dəstəkçilərindən sayılan Taker Karlson (Tucker Carlson) indi onu kəskin tənqid edir.
Beləliklə, ABŞ-da siyasi vəziyyət kifayət qədər qeyri-müəyyəndir. Siyasi isteblişment daxilində də bu qeyri-müəyyənlik hiss olunur. Tramp bunu anlayır. O, bilir ki, yaxın aylarda Konqres seçkiləri keçiriləcək. Buna görə də cəmiyyətə göstərmək istəyir ki, əslində ABŞ-ın kifayət qədər gücü və imkanı var. O demək istəyir ki, ABŞ istəsə, İranı qısa müddətdə məğlub edə bilər. Lakin humanist mövqedən çıxış edərək, böyük tələfatların qarşısını almaq istədiklərini vurğulayır. Bu cür bəyanatlar da məhz bunu göstərir”.
Politoloq əlavə edib ki, İranın məhv edilməsi məsələsində ABŞ-ın hərbi, siyasi, iqtisadi və texniki üstünlüyü mövcuddur. Lakin bu, qələbə üçün kifayət deyil.
Onun sözlərinə görə, bir ölkənin qalib gəlməsi üçün qarşı tərəfin müqavimət imkanlarını tam itirməsi və mövcud vəziyyətlə barışaraq təslim olması lazımdır. Bu cür amillər isə hazırda müşahidə olunmur. Buna görə də müharibənin yaxın zamanda başa çatacağı gözlənilmir və prosesin uzanacağı ehtimal olunur.
“Tramp da bunu başa düşür. Sadəcə olaraq, ritorikasında bunu fərqli şəkildə təqdim edir. O, öz auditoriyasına izah etməyə çalışır ki, müharibənin uzanması qarşı tərəfin gücündən deyil, ABŞ-ın "humanist" yanaşmasından irəli gəlir. Yəni sanki İrana vaxt verilir ki, dinc yolla sülhə gəlsin”, – deyə İlqar Vəlizadə bildirib.
İradə Cəlil, Bizimyol.info






