Rusiya ilə Ukrayna arasında toqquşmalar başlayandan demişdik: "Bu, əslində ABŞ-Çin müharibəsidir".
Çoxları razılaşmırdı. İndi-indi inanmağa başlayırlar: sən demə, eləymiş!
İrana qarşı müharibə də eyni qəbildən oldu: bu da ABŞ-Çin savaşının İran "filialı"dır. Rəsmi Tehranın atəşkəslə bağlı Pakistanı eşitməsi də təsadüf deyil; bu, təkcə, sadəcə, Pakistanın istəyi deyildi, Pekin İslamabadın adı altında danışır... Əks halda İran Türkiyənin vasitəçiliyinə razı olardı, elə deyilmi?!
Mən bu haqda sosial şəbəkədəki bir rəyimdə də yazmışdım.
ABŞ İrana qarşı hücumları dayandırırsa, deməli, Çindən Vaşinqtona ya hansısa güzəştlər vəd olunub, ya da hansısa qarantiyalar verilib.
Həmkarım Vüsal Məmmədov yazır ki, ABŞ öz iradəsini İrana qəbul etdirə bilməyib, ona görə də qalib sayıla bilməz.
Zahirən, bəli, doğru məntiqdir. Amma məqsəd öz iradəsini İrana qəbul etdirmək idimi?! Yoxsa İran üzərindən Çinə təsir, hətta təzyiq göstərməkdi?!
Çin liderinin atəşkəsdən dərhal sonra: "Bizim dünyanı ələ keçirmək planımız yoxdur" deməsi təsadüfdür?! Xeyr! Böyük siyasətdə təsadüf deyə bir şey yoxdur. Söhbət realpolitikdən gedir.
Suriyada Çini (İranı) ABŞ Türkiyənin köməyilə vurub çıxardı. Çünki Türkiyənin də maraqları bunu tələb edirdi; öz təhlükəsizliyi üçün bunu etməli idi. Suriyada Çin təkcə ABŞ-la toqquşmurdu, həm də Hindistanla qarşı-qarşıya gəlirdi. Əvvəl də qeyd etdiyimiz kimi, Əsəd rejimi Hindistanla çox yaxınlaşmışdı; maraqlarını uzlaşdırmışdı. İranla da oxşar şeylər baş verdi. İrana hücumların davam etməsi Avropa İttifaqı ilə yanaşı Çini də vururdu; Çin sənayesinin enerji daşıyıcılarına ehtiyacı da, bu ehtiyacın İrandan və Yaxın Şərq ölkələrindən ödənilən hissəsi də məlumdur; statistikaya varmayacam.
İndi İranda insanlar küçələrə çıxıb: "Qalib gəldik" deyir. ABŞ prezidenti də: "Biz qalib gəldik" söyləyir. Əslində hələ heç kim qalib gəlməyib, sadəcə, atəşkəs əldə edilib. Atəşkəs müharibədə "nahar fasiləsi" kimidir; yeyib-içib, dincəlib, dirçəlib, qaldıqları yerdən yenidən müharibə aparmağa davam edə bilərlər. Amma həqiqətən qələbə varsa, hər iki tərəf qalibdir. Çünki İran tamamilə dağılmaqdan xilas olduğunu (ya da xilas ola biləcəyini) bayram edə bilər. ABŞ isə Çindən istədiklərini, ya da əsas qismini ala bilibsə, öz məqsədinə nail olub deməkdir.
Azərbaycanda da bəzi şəxslər, xüsusilə, İrana azarkeşlik edənlər sevinir. Ancaq bir şey unudulur: burada əsas qələbə hərbi deyil, strateji qələbədir. Əgər dünyanın supergücü ilə yükslən gücü arasında öz proksiləri vasitəsilə müharibə gedirsə, burada proksilərdən hansının harda və hansı taktiki uğurlar qazanması əsas deyil. Əsas olan o iki qlobal güc arasındakı strateji toqquşmada kimin, nəyi əldə etməsidir. İranı qalib sayanlara, sadəcə, bir sualım var: öz inkişafında ən azı 50 il geriyə düşmək qələbə sayıla bilərsə, o halda İran qalibdir. Ancaq ABŞ-ın strateji olaraq əldə etdiklərini hesablasaq, tamam başqa mənzərə alınar.
Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp hələ birinci hakimiyyətinin əvvəlindən NATO üzvlərinə, xüsusilə, Avropa dövlətlərinə təsir göstərirdi; Avropanın təhlükəsizlik xərclərinin ABŞ-ın üzərinə düşən hissəsini azaltmağa çalışırdı. Rusiya-Ukrayna və İsrail-İran toqquşmalarına patronajlıq etməklə, ABŞ ona lazım olan məqamda NATO-nun necə davranacağını da test etdi, eyni zamanda Avropanı İrandan və Rusiyadan gələ biləcək təhlükələrlə əyani tanış etmiş oldu. Bu təhlükənim arxasında Çinin dayandığını da nümayiş etdirdi. Buna görə Vaşinqtonun NATO üzrə müttəfiqləri qarşısında, Avropa qarşısnda mənəvi öhdəliklərdən özünü azad etdiyini, yaxud azad hiss edə biləcəyini ABŞ özü və hər kəs görmüş oldu. İranla atəşkəsin bəyanından dərhal sonra ABŞ-ın Şimali Atlantika Alyansından çıxa biləcəyinə dair bəyanatların verilməsi, prezident Trampın NATO baş katibi Mark Rütte ilə sərt tonda söhbəti dediklərimizə sübutdur.
Körfəz ölkələrinə gəlincə, belə fikirlər var ki, 40 günlük savaş ərəb dövlətlərində ABŞ-ın təhlükəsizlik təminatlarına şübhə yaratdı və onları Vaşinqtondan uzaqlaşdıracaq. Sual olunur: uzaqlaşıb, hara gedəcəklər?!
Məncə, əksinə, bu dövlətlər indi ABŞ-dan daha bərk yapışmalı olacaqlar. Kim düşünə bilər ki, ABŞ İranın körfəz ölkələrinə hücum edəcəyini gözləmirmiş?!
Bu, absurd düşüncədir.
ABŞ və İsrail kəşfiyyatları belə bir ehtimalım, hətta planın olduğunu əvvəlcədən bilməmiş deyildilər. Əksinə İranın müharibəni şaxələndirməsi, ABŞ-a və İsrailə lazım idi; İrandan qaynaqlanan real təhlükəni gördükdən körfəz ölkələri Birləşmiş Ştatların və yəhudi dövlətinin tam qucağına düşdülər. İndi onlar Çin, Rusiya, Avropa İttifaqı kimi güclərlə əlaqələrdə ABŞ-dan və İsraildən yan keçməklə daha dərinə getməsi asan olmayacaq.
Beləliklə, Yaxın Şərqdəki bu son müharibəni "Amerika, İsrail bombaladı, İran müqavimət göstərdi, rəqiblər geri çəkildi" kimi şərh etmək çox sadələşdirilmiş, hətta çox bəsit yanaşma olardı. Hadisələrin üz qabığında - sərlövhəsində bir şey, arxasında tamam başqa şeylər olur. Heç bir tərəfin hərəkətlərinin əhəmiyyətini və təsirini nə şişirtmək, nə azaltmaq lazımdır. Qalib-məğlub məsələsində də üzdən təhlil yanlış nəticələr çıxarmağa səbəb olur; daha genişçaplı araşdırma, daha dərin təhlil aparmaq lazım gəlir...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





