Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qraffiti: küçə sənəti, yoxsa küçə vəhşəti?!
Qraffiti: küçə sənəti, yoxsa küçə vəhşəti?!

Problem təkcə şəhərin zahiri estetikasıın aşınması deyil.

İnsanlar artıq heç kimə, heç nəyə uzun müddət bağlı qalmır; arının çiçəkdən çiçəyə qonması təbiət normasıdır. Bunu cəmiyyətə gətirib, "normallaşdırmaq" dağıdıcıdır. Uzunmüddətli evlilklər də artıq aşınır.

Cəmiyyətin "üzü qaşınır". "Heç kim əvəzolunmaz deyil" deyə bir narrativ oturuşur.

"Azadlıq qorxusu" cəmiyyəti belə sarır. Bəzi insanlar elə düşünür, azadlq istədiyini etməkdir. Xeyr. Azadlıq istəmədiyini etməməkdir. Bunu anlamayanlar azad yaşamaqla özbaşınalığı qarışdırır.

Dünənki qraffiti olayı cinayət işinin başlanması ilə nəticələndi. Niyə?! Çünki bu iş cinayət tərkibi yaradır. Saxlanılanlardan biri əslən İranlı olan 20 yaşlı Belorus vətəndaşı Ardeshir Seyfopour Saad Abadi ADA Universitetinin ikinci kursunda oxuyur. O biri üç nəfər - üç qız isə məktəblilərdir: 17 yaşlı Münəvvər Bərxudayeva "Landau School" - da 11-ci sinifdə, 16 yaşlı Layla Muradlı isə həmin məktəbdə 10-cu sinifdə təhsil alırdı. 16 yaşlı Şəfiqə Qaraşlı 10 saylı məktəbin 9-cu sinfindədir.

Qraffiti olayından yazmaq istəyirəm - cinayət işi ilə nəticələndi. Çünki bu iş - cinayət tərkibi yaradır. Söhbət ölkə əhəmiyyətli tarixi abidənin - Nizami Kino Mərkəzininn divarlarına yazıların yazılmasından gedir. Bunu edənlər - bir İran əsilli (Belorus vətəndaşı) gənc oğlan və üç Azərbaycanlı yeniyetmə qız saxlanılıb, istintaqa təhvil verilib.

İstintaqın nəticəsi nə olacaq, bunu indidən kəsdirmək çətindir; hər kəsin məsuliyyət dərəcəsi fərqli ola bilər, ağırlaşdırıcı, yüngülləşdirici halların nəzərə alınacağı da mümkündür. Hər halda bu əməlin bir cəzası mütləq olacaq. İstənilən halda 16-17 yaşlarında üç məktəbli qızı törətdikləri əmələ görə polisin saxlaması, cinayət işinin qaldırılması və yeniyetmələrin istintaqa cəlb olunması - bunlar özü də cəzadır. Həm o yeniyetmələr üçün, həm də ata-anaları üçün mənəvi cəzadır.

Mən bu hadisəyə bir neçə səbəbdən biganə qala bilmədim. Niyəsini deyim: təqsirsizlik prezumpsiyasını gözardı etmədən, öz düşüncəmi də yazmalıyam. Əməli törədənlər arasında yaşca ən böyüyü xarici vətəndaş - əslən İranlı olan 20 yaşlı cavan oğlandır - ADA kimi Universitetdə ikinci kurs tələbəsidir. Avam əyalət uşağı deyil. O, bu əməlin nə demək olduğunu, böyük ehtimalla, yaxşı bilir. Ətrafına topladıqları da özü yaşda cavan oğlanlar yox, yeniyetmə qızlardır. Deməli, bu vandalizm aksiyasının ideyasının kimdən gəldiyini, dəstəni kimin qurduğunu və başın kimin durduğunu ehtimal etmək olar. Ən acı tərəfi budur ki, kişi cinsindən olan İran əsilli (!) xarici vətəndaş - gəlir, Azərbaycanlı yeniyetmə məktəbli qızları asanlıqla ətrafına toplayır və cinayət əməlinə təhrik edir. Bu, göründüyü qədər sadə bir hadisə olmaya bilər. Daha dərinə getmirəm; istintaqa təsir cəhdi kimi anlaşıla bilər. Yalnız o məqama diqqəti yönəltmək istəyirəm: biz - cəmiyyət olaraq, eləcə də, təbii ki, ailələr, məktəb - hardasa yanlış davranmışıq. Yoxsa çiçəyi burnunda öz yeniyetmə qız övladlarımız niyə bir əcnəbiyə qoşulub, öz şəhərimixin tarixi abidəsini qraffiti ilə korlamaq fikrinə düşsün?!

Nə demək istədiyim çox açıqdır: öz uşaqlarımıza, yeniyetmələrimizə, eləcə də, cavanlarımıza sahib çıxmağı bacarmalıyıq. Kimsə qıraqdan gəlib, bizim yeni nəsillərimizi bizim əlimizdən alıb, yaxud gözümüzdən yayındırıb, öz istədiyini etdirməli deyil. Biz yeni nəsillərə gələcəyimiz kimi baxırıq, doğrudurmu?! Doğrudur. Deməli, kimlərinsə bizim gələcəyimizi əlimizdən alıb, öz məqsədlərinə tabe tutması faktına, hətta ehtimalına seyrçi, səssiz qala bilmərik.

Bilirsiniz, məsələ, təkcə şəhərin estetikasının zədələnməsi deyil. Şəhərin etikası da var axı, elə deyilmi?! Biz bu şəhərin, bu ölkənin sahibiyik. Bu şəhərdə, bu ölkədə - eyni cəmiyyətdə birlikdə yaşayırıq. Tarixi keçmişimiz də birdir - bizimdir, hamımızındır, indiki indimiz də, gələcəyimiz də. Biz birgəyaşayış qaydalarını da ona görə seçib-sonalayıb, qəbul etmişik. Bi qaydaları necə hamılıqla qoymuşuqsa, eləcə də, hamılıqla əməl etməyə borcluyuq. İctimai imperativ bu qədər sadə və aydındır. Həm də əsaslıdır.

Qraffiti olayına gəlincə, bəli, kimlərsə deyə bilər: "Burda nə var ki?! Belə şeylər Avropada, Amerikada çox yayılıb" və sair və ilaxır.

Bəli, çağdaş dünyada şəhər mədəniyyətinin elementləri, özünəxas jestləri var. Məsələn, fleş mob (flash mob). İnsanlar sosial şəbəkələr üzərindən, eləcə də, başqa kontakt kanalları ilə xəbərləşir, qəfildən şəhərdə aksiyaya toplaşır. Bu, Qərb şəhər ortamında normal bir davranış kimi qarşılana bilər, adamlar qoşular, gülər, əylənər, öz fikir və ya emosiyalarını ifadə edə bilər. Onlara görə bu, normal ola bilər, ancaq başqa bir ölkədə - fərqli bir mədəniyyətdə insanlar bu cür qəfil aksiyadan təlaşa düşər, həyat ritmi pozula, xaotik vəziyyət yarana bilər. Bir ölkədə norma sayıldığı bir şey, mütləq hər ölkədə eyni cür qarşılanmır. Məsələn, Brüsselin mərkəzində açıq-aşkar "çiçəklənən" küçə fahişəliyini Bakı, yaxud Gəncə kimi Azərbaycan şəhərlərinə yaraşdırmaq olar?! Əlbəttə, yox. Eləcə də, Qərbdə intişar tapmış feminist hərakatların analoqu Bakıda nəinki rəğbətlə, əksinə hiddətlə qarşılandı; feminizm azsaylı ifrat marginal qrupların sərhədlərindən çıxıb şəhər mədəniyyətinin miqyasına oturmadı, mayasına çökmədi. Niyə?! Çünki toplum refleksi bunu yad bir element kimi vurub kənara atır, ya da ictimai şüurun uzaq bir küncündə gizlədir. ABŞ, Fransa, Almaniya, İtaliya, İspaniya, Niderland və sair kimi Avropa ölkələrində qadınla kişinin yaşından asılı olmayaraq, küçədə öpüşməsi normal haldır. Hətta Parisdə bu, şəhər romantikasının mədəni jesti kimi qarşılanır. Adamlar elə biıir, ya da öyrəşib ki, elə belə də olmalıdır. Norveçdə hətta heykəlin üstündə intim akta da Oslo sakinləri, sadəcə, təbəssümlə reaksiya vermişdilər; bu, öz dönəmində Avropada şəhər həyatının rəngli epizodu kimi də qələmə verilmişdi. İndi biz bunları öz ölkəmizə, öz şəhərimizə uyğun bilib, rəva görərikmi?! Yox!

Eyni şey qraffiti əməlinə də aiddir. Bu söz italyancadan - “graffiare” (cızmaq, qaşımaq) sözündən gəlir. Divarlara, darvazalara, körpülərə və sair müxtəlif kəlmələr, adlar, simvollar yazmaq kimi bilinir.

Əslində, bəli, dünyada "street art" deyilən şəhər stixiyası var. Ancaq bu, daha geniş anlayışdır. Küçə incəsənəti var. Buna Bakıda da rast gəlinən bir ictimai axındır. Küçə musiqiçilərinin ifalarını şəhərdə dinləmisiniz. Yaxud divara rəsm çəkən rəssam da görmüsünüz. Ancaq bunlar uyğun bilinən, razılıq verilən məkanlarda mümkündür; şəhərin estetik ruhunu daha da cilalayıb gözəlləşdirir. Ancaq istənilən şəxsin istənilən divara istədiyi sözü yazması, yaxud hansısa simvollar çəkib, şəkil yapışdırması doğru sayılmır. Nə dövlət bunu qəbul edir, nə cəmiyyət.

Bu, küçə sənəti deyil, ə küçə vəhşətidir. Bu cür vandalizm aksiyalarının azadlığa da dəxli yoxdur. Çünki adına "azadlıq" dediyiniz dəyərin anlamı hər istədiyini etmək deyil, istəmədiyini etməməkdir. Bunlar kökündən fərqli anlayışlar və diametral tərs davranış modelləridir.

Bir sözlə, sözügedən qraffiti olayı keçmiş olsun. Belə ictimai diskomfort doğuran hərəkətlərin gələcəkdə, yəni bundan sonra olmaması üçün hamılıqla üzərimizə düşəni etməliyik. Mənim üzərimə düşən mənəvi vəzifələrdən - vətəndaş öhdəliklərimdən biri bu yazını yazmaq idi, yazdım. Ancaq yazmaq hələ işin hamısı deyil...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »